Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Uzaq yaşıl adada BÖHRAN - Şri Lankada NƏ BAŞ VERİR?

Mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyətin səciyyəvi hal aldığı Şri-Lankada müstəqillik tarixinin ən ağır böhranlarından biri yaşanmaqdadır. İqtisadi təlatümlərin məngənəsində olan Cənubi Asiya ölkəsində inflyasiya yüksək həddə çataraq 128%-i keçib. Maliyyə, yanacaq, qida, enerji kimi çoxsaylı böhranlarla müşahidə olunan hazırki kritik vəziyyət ölkədə bir çox sahəni iflic vəziyyətə salıb. Pandemiyadan dolayı dünya iqtisadiyyatının bərpa prosesinin ləng getməsi, qlobal miqyasda təchizat zəncirinin idarə olunmasında davam edən sıxıntılar, Şərqi Avropada səngimək bilməyən irimiqyaslı müharibə, habelə bürokratik aparatın səriştəsizliyi, milli iqtisadiyyata nəzarət və müdaxilə mexanizmlərinin sistemli şəkildə təşkil edilməməsi, anti-böhran tədbirlərinin səmərəsizliyi və maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində atılan addımların yetərsiz olması, neft, tibbi ləvazimat, qida və s. kimi zəruri məhsulları idxal edən Şri-Lankanın daxili bazar dinamiklərinə mənfi təsir göstərərək Kolombo hökumətinə ciddi tədarük problemləri yaşadır.

İki ildən çoxdur ki, dünyanı ağuşuna almış COVID-19 pandemiyası ucbatından turizm gəlirlərindən də (Şri-Lankada xarici valyuta axınının əsas mənbələrindən biri olan turizm sektoru, ölkə ÜDM-nin formalaşmasında 5%-lik paya sahib idi) məhrum olmuş bu kiçik ada ölkəsi artıq ciddi ölçüdə yanacaq problemi ilə də üzləşib. Belə ki, yanacaq ehtiyatlarının tükənməsindən ötrü ölkə əhalisinə yanacaq satışı dayandırılıb, hətta beynəlxalq aviadaşıyıcılara belə məhdudiyyətlər qoyulub. Hal-hazırda daha çox təcili yardım xidmətinə aid nəqliyyat vasitələrinin və ictimai nəqliyyat vasitələrinin gündəlik yanacaqla təmin olunmasına icazə verilir. Bundan savayı, kənd təssərrüfatı sahəsində yaranmış böhran cari vəziyyətin daha da kəskinləşməsinə rəvac verir.

Aqrar ölkə olan Şri-Lankada süni gübrənin və digər kimyəvi komponentlərin idxalına və istifadəsinə tətbiq edilən bürokratik qadağalar kənd təsərrüfatı sektorunda, xüsusən də çəltik becərilməsində yaranan xaosun əsas səbəbi kimi göstərilir. Süni gübrə idxalının dayandırılması maliyyə problemi ilə əlaqələndirilir.

Böhrandan ən çox təsirlənən sahələrdən biri də, Şri-Lankanı dünyaya tanıdan və ölkənin ixracatında əsas yerlərdən birini tutan çay sektorudur. Ölkə büdcəsini illik 1,3 milyard ABŞ dolları həcmində vəsaitlə təmin edən çay plantasiyaları yaranmış yanacaq və elektrik enerjisi defisitinə görə məhsul verməkdə çətinlik çəkir. Bundan başqa, ölkədə meydana gəlmiş kağız çatışmazlığına görə milyonlarla tələbə üçün nəzərdə tutulmuş buraxılış imtahanları ləğv edilib. Digər tərəfdən, qida təhlükəsizliyinin təmin edilə bilməməsi ümumi sosial-iqtisadi vəziyyətin daha da kritikləşməsinə və vaxtaşırı olaraq hökumət əleyhinə etiraz aksiyalarının və kütləvi nümayişlərin baş verməsinə zəmin yaradır. Xaotik vəziyyətin öhdəsindən gələ bilməyən ölkə prezidenti Qotabaya Racapaksa (Gotabaya Rajapaksa) etiraz dalğalarının qarşısında tab gətirə bilməyərək iyul ayının 13-də vəzifəsindən gedəcəyini bəyan etmək məcburiyyətində qalıb. Ölkə parlamenti iyul ayının 20-i üçün yeni prezidentin seçiləcəyini ictimayətə bildirib.

Bütün bunlarla yanaşı, iqtisadi kollaps yaşayan dövlətin xarici ölkə və beynəlxalq maliyyə qurumlarına (Dünya Bankı və Asiya İnkişaf Bankı) milyardlarla ABŞ dolları həcmindəki dövlət borcunu necə və hansı şərtlərlə qaytaracağı sual doğuran nüanslardandır. Rəsmi Kolombo son bir neçə ildə bir sıra ölkələrdən ümumilikdə 50 milyard ABŞ dollarından çox borc almışdır ki, bunun da 6.5 milyardan çoxu təkcə Pekinin payına düşməkdədir. Cari ildə Şri-Lanka hökumətinin ödəməli olduğu borcun ümumi miqdarı 7 milyard ABŞ dolları ətrafındadır. Valyuta ehtiyatları sürətlə tükənən Şri-Lanka ilə Dünya Maliyyə Fondu arasında aylardır aparılan müzakirələr hələ də yekun həllini tapmayıb. Hazırda Hindistandan gələn kreditlər hesabına ayaqda qalan mərkəzi hökumət, Çindən də müxtəlif formalarda maliyyə yardımı alacağına ümid edir. Dünya Bankı da 600 milyon ABŞ dolları həcmində kredit ayırmağa artıq razılıq verib.

150 ilə yaxın Britaniya imperiyasının müstəmləkəsi olmuş Cənubi Asiyanın bu ada ölkəsi müasir dövrdə də geostrateji əhəmiyyətindən ötrü ABŞ, Çin və Hindistan kimi böyük güclərin maraq dairəsinə girməkdədir. Hind yarımadasından 31 km cənub-şərqdə eyni adlı adada yerləşən Şri-Lanka etnik və mədəni cəhətdən Hindistana yaxın olsa da, son onillikdə xüsusən də "Kəmər və Yol" layihəsinin icrasıyla birgə Çin-Şri Lanka münasibətləri inkişaf etmişdir. "Kəmər və Yol" layihəsinin Hörmüz boğazı və Süveyş kanalı istiqamətindəki dəniz marşrutunda yerləşən Şri-Lanka Çinin infrastruktur quruculuğuna önəm verdiyi ölkələrin başında gəlir. Şri-Lanka Hind okeanında qlobal gəmiçilik üçün böyük əhəmiyyət kəsb edən nəqliyyat dəhlizlərinin yaxınlığında yerləşməsi ilə ön plana çıxır. Belə ki, Çin, Yaponiya və Cənubi Koreya kimi ölkələrdən Avropaya, Qərbi Asiyaya və Şimali Afrikaya və əksinə dəniz yolu ilə daşınan yüklərin, habelə Körfəz ölkələrindən Uzaq Şərqin adı sadalanan sənaye ölkələrinə daşınan xam neft və təbii qaz kimi enerji məhsullarının bir qismi məhz Şri-Lankanın da yer aldığı ticari koridorlar vasitəsilə həyata keçirilir.

Şri-Lankanın ən böyük kreditorları və siyasi dəstəkçiləri arasında yer alan Pekin, adadakı təsir rıçaqlarını günbəgün artırmaqda davam edir. Ələlxüsus, 2009-cu ildə ölkədə etnik zəmində baş verən hadisələrdən (tamil separatçıları ilə hökumət qüvvələrinin son böyük toqquşması) sonra iki ölkə münasibətləri artan xətlə inkişaf edib. Çinə ən çox borcu olan ölkələrdən biri olan Şri-Lanka (ölkənin ümumi milli gərinin təxminən 8,4% həcmində) borcların müqabilində müəyyən strateji obyektləri Çinin istifadəsinə verir. Misal olaraq, Çin tərəfindən təmin edilən kreditlər hesabına yenidən qurulan Hambantota limanı 2017-ci ildən etibarən 99 il müddətində Çinə icarəyə verilib. 1,12 milyard ABŞ dolları həcmindəki öhdəliyin müqabilində sözügedən beynəlxalq limanın 70%-lik bir hissəsi Çinin CM limanlar qrupunun (CMPort / China Merchants Port) istifadəsinə verilib. Adı çəkilən strateji liman hazırda rentabelli olmasa da, Pekinin Hind okeanı hövzəsindəki ticari-iqtisadi, eləcə də gələcəkdə hərbi-strateji dayaqlarını möhkəmləndirməyə xidmət edə bilər. Çinin Şri-Lankadakı investisiyaları təkcə limanlarla məhdudlaşmır, həmçinin stadionlar, hava limanları, xəstəxanalar, azad ticarət zonaları da "Kəmər və Yol" layihəsi çərçivəsində maliyyələşdirilən layihələr arasındadır.

Son illər haqqında geniş şəkildə danışılan Çinin "borc tələsi diplomatiyası"nın (borc öhdəliyinin yerinə yetirilməməsi halında borclu ölkənin milli infrastrukturunu və ya təbii ehtiyatlarını müəyyən müddət üçün kreditor dövlətə təhvil verməsi) ilk qurbanlarından biri hesab edilən Şri-Lankada hökumət rəsmiləri hazırki vəziyyətin hər iki tərəfin ortaq maraqlarına xidmət etdiyini qeyd edib. Yeri gəlmişkən, Hambantota Çinin son onillikdə qlobal miqyasda maliyyə yardımı ayırdığı 35 limandan biridir.

Şri-Lankada baş verən siyasi və hərbi proseslər də rəsmi Kolombonun böyük güclərlə diplomatik əlaqələrinin formalaşmasına təsir edən faktor olmuşdur. Uzun illər boyu separatçılığa qarşı mübarizə aparmış mərkəzi hökumətə Pekinin hər sahədə yardım göstərməsi iki ölkə arasında konstruktiv münasibətlərin qurulmasına aparan yol olmuşdur. Belə ki, 2007-ci ildə ABŞ və Hindistan Şri-Lankada dəfələrlə terror aktları törətmiş tamil separatçılarına qarşı vuruşan Şri-Lanka ordusuna hərbi dəstəyi kəsdiyi halda (insan hüquqlarının və humanizm prinsiplərinin pozulması adı altında), Çin 1 milyard ABŞ dolları dəyərində hərbi sursat göndərmişdir. Üstəlik, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Çin TŞ çərçivəsində Şri-Lanka hökuməti əleyhinə veriləcək qərarlara və tətbiq ediləcək sanksiyalara veto qoymaqla beynəlxalq arenada da Kolombo hakimiyyətinə dəstək olmuşdur. 26 il davam etmiş vətəndaş müharibəsinin (1983 - 2009) hökumət qüvvələrinin qələbəsi ilə başa çatmasında oynadığı rola görə Şri-Lankada Çinə qarşı rəğbət yaranmışdır. Qeyd edək ki, Çin son illərdə dünyanın müxtəlif bölgələrində münaqişəli məsələlərə aktiv şəkildə müdaxilə etməklə (əsasən, mövcud legitim rejimlərə hərbi, siyasi və iqtisadi müstəvidə dəstək göstərməklə), ölkədaxili stabilliyin təmin olunmasına çalışır və sonda əlbəttə ki, öz payına düşəni də əldə edir.

Azmarka.az Topçubashov Mərkəzinə istinadən bildirir ki, Çinin Hind okeanı hövzəsində - Pakistanda, Myanmada, Banqladeşdə, Cibutidə, o cümlədən Şri-Lankada möhkəmlənməsindən narahat olan ABŞ və Hindistanadı çəkilən ölkələrdə Pekinin ayırdığı maliyyə əsasında kommersiya məqsədi ilə inşa edilmiş/edilən limanların gələcəkdə hərbi məqsədlər üçün də istifadə edilə biləcəyinə inanır. Çinin Hind okeanı hövzəsinin strateji cəhətdən vacib adaları - Maldiv, Şeyşel, Madaqaskar və Mavriki ilə də yaxın təmaslar qurması rəqib dövlətlərin narahatlığının digər bir səbəbidir. Sakit okean cəbhəsində ABŞ müttəfiqləri ilə əhatələnmiş ölkələrin dəniz yolları vasitəsilə həyata keçirilən beynəlxalq yük daşımalarını minimuma endirmək üçün alternativ marşutların qurulmasına və ya yenidən dirçəldilməsinə Çin böyük maraq göstərməyə davam edir. Hind okeanının Çinin daxili dənizinə çevrilə biləcəyindən narahat olan rəsmi Dehli isə dəniz qonşusu Şri-Lankada Pekinin təsirini azaltmaq üçün ölkəyə maliyyə yardımlarını artırmağa davam etdirir.

Makroiqtisadi müstəvidə sistematik problemlərin yaşandığı Şri-Lankada böhranın dərinləşməsi borc öhdəliyinin yerinə yetirilmə prosesini çətinləşdirir, bu da mərkəzi hökumətin kreditlərin müqabilində kreditorlara qarşı əlavə güzəştlərə (hökumətin qeyri-şəffaflığı bir sıra hallarda sövdələşmələrin gizli baş tutma ehtimalını artırır) getməli olacağına dəlalət edir. Bütün bunlar da region güclərinin və regionda geostrateji maraqları olan qüvvələrin qarşıdurmasına gətirib çıxarda bilər.


İlhamə ƏZİZ,

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031