Güneyli fəal ona qarşı irəli sürülən ittihamlardan bəraət aldı
İranın Apellyasiya məhkəməsi Nasir Xülusiyə qarşı irəli sürülən ittihamlar ilə əlaqədar bəraət hökmü verilib.
Azmarka.az xarici KİV-ə istinadən xəbər verir ki, Xülusi öz Instagram hesabında məhkəmə sənədinin surətini paylaşıb.
Təbriz şəhərində yaşayan milli fəal Nasir Xülusiyə apellyasiya məhkəməsinin 1-ci və 36-cı şöbələri tərəfindən bəraət hökmü verilib.
Sentyabrın 20-də hüneyli fəal Nasir Xülusi Təbriz İnqilab məhkəməsinin birinci şöbəsinin sədri hakim Həmlbər tərəfindən ona qarşı irəli sürülən "Müstəqil-Teyf Təşkilatına üzv olmaq" ittihamı ilə əlaqədar 6 ay həbs cəzasına məhkum edilmişdi.
Şərqi Azərbaycan vilayətinin Apellyasiya məhkəməsinin birinci şöbəsinin sədrləri hakim Məhəmməd Danişmənd Məliki və hakim Səməd Həzrəti bu ittihamlarla əlaqədar olaraq fəala bəraət hökmü veriblər.
Sentyabrın 15-də Xülusi dosyesinin ikinci qismində Təbriz İkinci Cəza məhkəməsinin 112-ci şöbəsinin sədri olan Məhəmməd Əli Piri tərəfindən "yalan yaymaq" ittihamı ilə əlaqəli olaraq 2 milyon tümən pul cəriməsinə məhkum edilmişdi.
Bu ittihamı ilə əlaqədar isə Şərqi Azərbaycan vilayətinin Apellyasiya məhkəməsinin 36-cı şöbəsinin sədrləri Əli Əhmədi və Qulamrza Baqqali fəala bəraət hökmü veriblər.
Güneyli fəal Nasir Xülusi 2019-cu ilin dekabr ayının 14-də Təbrizdə İran hökumətinin Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri tərəfindən göz altına alınıb və 2020-ci ilin fevral ayının 26-da girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.
Nasir Xulusi indiyədək dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub və məhkəmələrdə ona qarşı irəli sürülən ittihamlar nəticəsində fərqli cəzalara məhkum edilib.
Azmarka.az