SN: Dərmanlarla bağlı təqdim edilən məlumatlar ciddi araşdırılır

Azmarka.az: Azərbaycanda qeydiyyatdan keçmiş dərman vasitələri idxaldan öncə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində yoxlanılır.

Bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin müdiri Fərid Həsənov deyib.

O bildirib ki, dərmanlarla bağlı təqdim edilən məlumatlar onların istifadəsini təhlükəsiz etmək məqsədilə ciddi araşdırılır.

Qeyd edilib ki, aptekdən əldə olunmuş dərman vasitəsinin təsirli olmaması (effektivsizliyi) haqqında bildiriş varsa, bunun üçün vətəndaş dərman vasitəsini (qablaşdırması ilə birlikdə) və dərman vasitəsini aptekdən əldə etdiyinə dair qəbz ilə birlikdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin “Bir pəncərə” sektoruna ərizə ilə müraciət edə bilər:

"Oradan yönləndirilən müraciətlər Mərkəzin əlaqədar şöbələri tərəfindən qiymətləndirilir. Dərman vasitəsinin effektiv olmaması kimi hallar ilə bağlı əlavə təsirlər haqqında bildiriş edərkən, bir dərman vasitəsinin eyni seriyası ilə bağlı müraciətlərin sayında artım müşahidə olunduğu təqdirdə qurum tərəfindən araşdırma başladılması mümkündür.

Əlavə təsirləri müəyyən etmək və dərman vasitəsinin istifadəsini mümkün olduğu qədər təhlükəsiz etmək məqsədilə təqdim edilən məlumatlar Mərkəz tərəfindən ciddi araşdırılır".