Daha bir erməni vəhşiliyi – Tərtərdə tibb bacısı öldürüldü
İşğalçı ölkə Ermənistanın silahlı qüvvələri dinc əhali və mülki obyektləri intensiv şəkildə atəşə tutmaqda davam edir.
Düşmənin növbəti dəfə atdığı top mərmiləri Tərtər rayonunun mərkəzində bir neçə evə düşüb, nəticədə rayon sakini, 1959-cu il təvəllüdlü Ayna Mehdiyeva həlak olub. Onun tibb bacısı olduğu bildirilir. Belə ki, top mərmilərindən biri Tərtər Rayon Mərkəzi Xəstəxanasının yaxınlığına düşüb, bundan başqa yaşayış evlərinə də ciddi ziyan dəyib.
Ümumilikdə isə bu gün ərzində rayonun mərkəzinə və kəndlərinə ümumilikdə Ermənistan silahlı qüvvələri tərəfindən 10-dan çox top mərmiləri atılıb.
Hərbi təcavüz nəticəsində yaralanan və qətlə yetirilən mülki əhali arasında xüsusilə qadın və uşaqların məqsədyönlü şəkildə hədəfə alınması erməni vandalizmini bir daha dünya ictimaiyyətinə nümayiş etdirməkdədir.
Son dəqiqə məlumatına görə, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Niderland Xarici İşlər naziri Stef Blok ilə telefon danışığı zamanı da həmin məqama xüsusi diqqət çəkib. Bayramov bölgədə yaşanan bu gərginliyin kökündə Ermənistanın davam edən işğalçılıq siyasətinin durduğunu vurğulayıb. Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin bu dəfə də beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğu və nəticədə Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.
Qeyd edək ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.
Sənan M.,
Azmarka.az