Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Güney Azərbaycan Qarabağ üçün ayaqda! İran rejimi genişmiqyaslı repressiya başladıb - Azmarka-nın icmalı

Sentyabrın 27-dən etibarən Ermənistan silahlı birləşmələrinin təxribatına cavab olaraq Azərbaycan Ordusunun başlatdığı hərbi əməliyyatlara Güney Azərbaycanda yaşayan bacı və qardaşlarımızın dəstəyi səngimək bilmir. Bu barədə Azmarka.az xəbər verir.

Belə ki, Güneydə yaşayan soydaşlarımız Azərbaycan Respublikası və onun şanlı ordusuna dəstək, eləcə də, İran hökumətinin qarabağ məsələsində tutduğu mövqeyə etiraz məqsədilə "Biz Azərbaycanın yandaşı deyilik, Biz Azərbaycanın özüyük" adlı kampaniya başladıblar.

Bu kampaniyaya qatılanlar üzərində "Biz Azərbaycanının yandaşı deyilik, Biz Azərbaycanın özüyük" cümləsi yazılmış plakatları əllərində tutaraq öz fotolarını çəkdirib sosial şəbəkələrdə, xüsusilə İranda yeganə azad İnstagram sosial şəbəkəsində paylaşırlar.

İndiyə qədər yüzlərlə güneyli bu kampaniyaya qatılıb və kampaniya hələ də davam edir.

Son günlər Qarabağda baş verən müharibədə kiber məkanlarda İran-Ermənistan sərhədindən keçirilən yük maşınları ilə bağlı yayılan fotolar və videolar Güneydəki soydaşlarımızın etirazına səbəb olub. Belə ki, İran-Ermənistan sərhədində yerləşən Nurduz gömrüyündən bir sıra Kamaz yük maşının keçməsi videolarının sosial şəbəkələrdə paylaşılmasından sonra Güney Azərbaycanın müxtəlif şəhərlərində Qarabağa dəstək mitinqləri keçiriliib, “Nurduz gərək bağlana” şüarı səsləndirilmişdi.

Güney Azərbaycan Qarabağ üçün ayaqda!  İran rejimi genişmiqyaslı repressiya başladıb - Azmarka-nın icmalı

Güneyli soydaşlarımızın Qarabağa dəstək mitinqi Tehrana da sıçrayıb

Sentyabrın 28-də Azərbaycan ordusuna dəstək olmaq üçün Ərdəbilin Ciral parkında keçirilən mitinqdə bir çox sayda fəal həbs edilib və ağır işgəncələrə məruz qalıb.

Ərdəbildə baş verən bu etirazlardan sonra Güney Azərbaycanın əksər şəhərlərində, o cümlədən Təbriz, Urmiyə, Zəncan, Tehran, Meşkinşəhr və Muğan kimi bölgələrdə baş tutan kütləvi mitinqlər İran hökuməti tərəfindən dağıdılıb və bir çox sayda insan həbs edilib.

Fars rejimi cəza tədbiri olaraq başqa üsullara da əl atıb. Məsələn, Nadarlı qəsəbəsində bir türk fəalın iş yerinin möhürləndiyi, iki fəalın isə İran polisinin kəşfiyyat şöbəsinə çağırıldığına dair məlumat yayılıb. Mağaza üzərində “Qarabağ bizimdir, bizim olacaq” şüarı yazılmış plakat ilə əlaqədar qapadılıb.

“Milli-mədəni fəal Aydın Hilalı mağazasının möhürlənməsinin səbəbini öyrənmək üçün İran polisinin ümumi məkanlara nəzarət bölməsinə (Əmakin) müraciət edib. İran məmurları möhürlənmənin keçən həftə qəsəbənin meydanında nümayiş etdirilən plakatla əlaqədar olduğunu söyləyiblər” - deyə Güney Azərbaycanın informasiya qaynaqları bildiriblər.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə edilən məlumata görə isə, milli fəallar Murtuz Nurməhəmmədi və Hüseyn Əmani isə həmin plakatla əlaqədar İran polisinin kəşfiyyat şöbəsinə çağırılıblar.

İnsan hüquqlarını müdafiə beynəlxalq təşkilatı Amnesty International Güney Azərbaycanının müxtəlif şəhərlərində milli fəalların geniş miqyasda həbs olunmasından narahatlığını bildirərək, onların qeydsiz-şərtsiz azad edilmələrini tələb edib.

"O da maraqlıdır ki, Qarabağda yeni müharibə alovlanarkən Azərbaycanın haqlı mövqeyini müdafiə etməkdən çəkinən və işğalçıyla qarşı tərəf arasında fərq qoymayan, üstəlik, öz ərazisindən Ermənistana qanunsuz silah daşınmasına göz yuman İran rəsmiləri məhz Güney Azərbaycan türklərinin açıq etirazlarından sonra geri addım atmaq məıcburiyyətində qaldılar. Son vaxtlar Tehrandan Qarabağın Azərbaycan torpağı olduğuna və bu səbəbdən də aparılan hərbi əməliyyatların anlayışla qarşılandığına dair açıqlamaların verilməyə başlaması da məhz həmin etirazların nəticəsidir" deyə Arazın o tayındakı soydaşlarımızdan biri saytımıza bildirib.

Bu arada 2019-cu ilin yanvar ayından bəri Ərdəbil həbsxanasında saxlanılan tanınmış türk fəal Abbas Lisani ətrafında baş verənlər də həyəcan doğurur.
İş o yerə çatıb ki, Amnesty İnternational Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladıb.

Təşkilat oktyabrın 14-də fars, türk və ingilis dillərində yaydığı bəyanatda İran hakimiyyətinin Lisanini “siyasi motivlərlə” mühakimə etdiyini önə çəkib.

“Amnesty İnternational Abbas Lisaninin siyasi motivlərlə məhkəməyə verildiyinə inanır. Lisani bu səbəblə keçmişdə dəfələrlə həbs və mühakimə edilərək milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək kimi əsassız ittihamlarla qarşılaşıb,” sənəddə qeyd edilib.

Xatırladaq ki, Ərdəbil həbsxanasında səbəbsiz yerə saxlanılan Abbas Lisani son dərəcə ədalətsiz bir mühakimənin ardından Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbsə məhkum edilib.

Beynəlxalq qurumun bəyanatında yazılıb ki, “Ərdəbil həbsxanasında səbəbsiz yerə saxlanılan Azərbaycan türk aktivisti Abbas Lisani son dərəcə ədalətsiz bir mühakimənin ardından Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbsə məhkum edilib. İlkin məhkəmədə Abbas Lisaniyə qarşı mühakimə prosesini başladan hakim Apellyasiya Məhkəməsində onun şikayətinə baxıb. İyul 2020-də İran Ali Məhkəməsi də Lisaninin şikayətini təmin etməyib.”

Amnesty İnternational yaydığı bəyanatda abunəçilərindən istəyib ki, İran məhkəmə hakimiyyətinin sədri İbrahim Rəisiyə məktub yazaraq “hüququnu barışçıl bir şəkildə müdafiə etməsi səbəbilə Abbas Lisaninin aldığı cəzanın ləğv edilməsini, sərbəst buraxılana qədər ailəsi və vəkili ilə görüşmə haqqının təmin edilməsini, habelə ailəsinə qarşı təqib və təhdid hallarına son qoyulmasını” tələb etsinlər.

Beynəlxalq təşkilatın bəyanatında həmçinin son həftələrdə Güney Azərbaycanda təşkil olunan Qarabağa dəstək mitinqlərində saxlanılan vətəndaşlara diqqət çəkilib. “Keçdiyimiz həftələrdə, İranda Azərbaycan türk aktivistləri aksiyalara qatıldıqları üçün təhlükəsizlik qüvvələrə tərfindən nəzarət altına alınıb. Nəzarət altına alınanlardan bəziləri ‘dini lideri təhqir etmək’ və ‘ümumi intizamı pozmaq’ kimi uydurma təhlükəsizlik ittihamları ilə qarşı-qarşıya qalıb... Onlar, Ərdəbil, Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərində təşkil olunan aksiyalarda tutulublar. Aksiya iştirakçıları Azərbaycan ilə Ermənistan arasındakı son müharibədə Azərbaycana dəstəklərini, və iddialara görə Ermənistanı dətəkləyən İran rəsmilərinə etirazlarını nümayiş etdiriblər” - Amnesty İnternationalın bəyanatında dərc edilib.





İlhamə Əziz,
Azmarka.az

Digər xəbərlər

  • 23.12.2020
  • 23.12.2020
  • 18.12.2020
  • 18.12.2020
  • 13.12.2020
  • 28.11.2020
  • 20.11.2020
  • 15.11.2020
  • 6.11.2020
  • 1.11.2020
  • 22.10.2020
  • 16.10.2020
  • 30.09.2020
  • 29.09.2020
  • 23.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930