Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

"Rusiya ermənilərə görə Azərbaycan və Türkiyə ilə düşmən olmaz" - Tanınmış politoloqdan Azmarka-ya maraqlı müsahibə!

Bir çoxları belə hesab edir ki, Azərbaycanın öz ərazisində separatizmə qarşı hərbi mübarizəyə başlaması vəq ısa vaxtda ciddi uğurlar qazanması keçmiş SSRİ məkanındakı digər dondurulmuş münaqişələrin də "buzunu" qıra və tamamilə yeni situasiya yarada bilər. Belə düşünənlər nə qədər haqlıdır?

Azmarka.az saytı bu və digər aktual suallara “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış siyasi şəhrçi Elxan Şahinoğludan cavab almağa çalışıb. İndi sizə həmin müsahibəni təqdim edirik.


- Elxan bəy, ikinci Qaradağ müharibəsinin başlamasından sonra çoxlarını bir sual düşündürür: Azərbaycanın işğal altındakı torpaqlarını separatçılardan azad etməsi postsovet məkanındakı digər dondurulmuş münaqişələrin həllinə necə təsir edə bilər?
- Əgər biz Dağlıq Qarabağ münaqişəsini tamamilə həll etsək - mən inanıram ki, biz bunu yaxın müddətdə həqiqətən də həll edəcəyik - onda bu nəinki MDB, ümumiyyətlə, Avrasiya məkanında ilk olacaq. O mənada ilk olacaq ki, biz Azərbaycan ərazisində separatizmə digər bənzər problem yaşayan ölkələrdən daha öncə son qoymuş olacağıq. Bilirsiz ki, keçmiş Sovet məkanında başqa separatçı qüvvələr də var. Gürcüstan, Moldova xeyli əvvəldən həmin problemlə üz-üzə idi, 2000-ci illərin ortalarında isə Ukraynada separatizm ortaya çıxdı. 2008-ci ildə Gürcüstan bu məsələni həll etmək istədi və qarşısında Rusiyanı gördü. Kreml müharibəyə qarışdı, beləliklə, Cənubi Osetiya və Abxaziyanı faktiki olaraq ilhaq etdi. Onların müstəqilliklərini tanıdı və həmin bölgələrə hərbi bazalarını yerləşdirdi. Adıçəkilən əraziləri geri qaytarmaq Gürcüstan üçün çox çətin olacaq. Ukrayna üçün də bu, həddən artıq çətindir. Krım açıq-aşkar şəkildə Rusiyaya birləşdirilib. Moldovada isə münaqişə dondurulub. Və əgər Azərbaycan öz ərazisindəki separatçı qüvvəni tamamilə sıradan çıxarıb işğaldakı torpaqlarını onlardan təmizləsə, biz nümunə yaratmış olacağıq. Həm cəmiyyət, həm də millət olaraq bölgədə rolumuz artacaq, bizi örnək göstərəcəklər. Ancaq inanmıram ki, başqaları üçün bu örnəkdən faydalanıb onu tətbiq etmə üçün şərait yaratsın.

- İnanmamağınızın səbəbini açıqlaya bilərsinizmi?
- Məsələ burasındadır ki, Gürcüstan bənzər addımı atsa, yenə qarşısında Rusiyanı görəcək. Moldova və Ukrayna da həmçinin... Düzdür, Azərbaycan nümunəsi adları çəkilən ölkələrdə bir ruh yüksəkliyi yaradacaq. İstər Gürcüstan olsun, istər Ukrayna, istərsə də Moldova olsun, fərq etmir, onların hamısında separatizmlə mübarizə baxımından artıq indidən bizi misal göstərənlər var. Lakin razılaşaq ki, Azərbaycan nümunəsini təkrarlamaq üçün üçün cəsarət lazımdır, doğru zamanda doğru qərarlar vermək bacarığı lazımdır. Azərbaycan 27 il mənasız danışıqlarda iştirak edib. Bu müddətdə böyük və həmsədrlər dövlətlər tərəfindən münaqişə dondurulmuş vəziyyətə gətirildi. Sonda Azərbaycan öz qərarını verdi. Hazırda da bizə heç nə mane olmur ki, öz problemimizi özümüz həll edək. Əgər başqaları da belə bir qərar vermək cəsarəti tapsalar, əlbəttə, onlar da oxşar prosesi başlada bilərlər. Ancaq yenə də onlarda Rusiya faktoru ağır basacaq. Əslində bizdə də Rusiya faktoru vardı. Lakin arxamızda Türkiyə kimi bir dövlət dayanıb və bizə hərtərəfli dəstək verir. Diplomatik, informasiya dəstəyi ilə yanaşı, bizə olan təzyiqləri neytrallaşdırır. Yəni Türkiyə amili üstünlüyümüzdür. Hansı ki, Gürcüstan, Ukrayna, Moldova belə bir üstünlükdən məhrumdur.

- Sizcə, ordumuzun Qarabağda əldə etdiyi uğurlar Rusiyanın bölgədəki siyasi və hərbi təsir gücünü azaldacaqmı?
- Burada ikili yanaşma var. Bir yanaşma ondan ibarətdir ki, Rusiyanın təsir imkanları azalacaq. Yəni imic baxımından çox şey itirəcək. Fakt budur ki, Rusiya öz müttəfiqi olan işğalçı Ermənistanı Azərbaycanın uğurlu hərbi əməliyyatlarından qoruya bilmədi, baxmayaraq ki, bu əməliyyatlar Azərbaycan ərazisində gedir. Lakin mənim məsələyə yanaşmam başqadır. Bunu dövlət başçısı İlham Əliyev də qeyd edir ki, biz Qarabağ üzərində nəzarəti tam ədə edəndən sonra Rusiya ilə Azərbaycanın münasibətləri daha da inkişaf edə, keyfiyyətcə yeni məzmun və istiqamət ala bilər. Türkiyə də bu prosesə qoşulacaq. Mən də o fikirdəyəm ki, qarşıda Türkiyə-Rusiya-Azərbaycan üçlü münasibətlərinin keyfiyyətcə təzə mərhələyə qədəm qoymaq imkanları genişdir. Həmin mərhələyə keçməyə hər zaman Dağlıq Qarabağ münaqişəsi mane olurdu. Münaqişənin aradan qalxması bu maneənin də aradan qalxmasına gətirivb çıxaracaq. Bu gün bir çox ermənipərəstlər deyirlər ki, Rusiya münaqişəyə müdaxilə etməlidir. Kreml hazırkı müharibə şəraitinə müdaxilə etməklə nə qazanacaq axı? Əksinə, Dağlıq Qarabağ separatçılarına görə Azərbaycan kimi önəmli, strateji bir ölkəni itirmiş olacaq. Üstəlik, Türkiyəni də itirəcək. Bu gün ruslar özləri də etiraf edirlər ki, Rusiya-Azərbaycan münasibətləri iqtisadi, ticarət və enerji, bir sözlə, bütün parametrlərinə görə Rusiya-Ermənistan münasibətlərini dəfələrlə üstələyir. Baxmayaraq ki, Rusiya Ermənistanın strateji müttəfiqidir. Lakin nə olur olsun, inanmıram ki, ermənilərə görə Rusiya Azərbaycan və Türkiyə ilə düşmən olsun. Yəqin Rusiyada da ağıllı adamlar elə bu cür düşünürlər və qəbul edirlər ki, münaqişə haqlı tərəfin, yəni Azərbaycanın xeyrinə həll edildikdən sonra Azərbaycan-Rusiya, həmçinin Rusiya-Türkiyə münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoya bilər. Hansı ki, buna ən çox elə Kremlin ehtiyacı var...

- Elxan bəy, sizcə, hazırda baş verənlərin Qarabağın sonrakı taleyində hansı dəyişikliklərə gətirib çıxaracaq?
- Aydındır ki, bütün hallarda Qarabağ Azərbaycanın tərkibində olacaq. Muxtariyyət məsələsi daha sonra müzakirə edilə bilər. Sülhməramlıları münqişə bölgəsinə buraxmaq olmaz. Bu çox vacib məqamdır. Çünki Rusiya sülhməramlılar adı ilə bölgəyə daxil olarsa oradan bir də heç vaxt çıxmayacaq. Nəticədə məsələ yenidən və tamamilə dondurula bilər. Digər tərəfdən, ermənilər Azərbaycan dövlətinin iradəsini, qanunveiciliyini qəbul edib qalmaq istəyəcəklərsə, buna əlbəttə, kimsə mane olmayacaq. Seçim onlarındır: istəyərlər qalıb yaşayarlar, istəməzlərsə, yenidən separatçılığa meyllənərlərsə onda yol açıqdır: Laçın dəhlizindən keçib Ermənistanda yaşaya bilərlər. Ancaq biz gərək keçmişdə xətaları, səhvləri təkrarlamayaq ki, ermənilər təzədən qətliamlara baş vursunlar, etnik tənizləmələr həyata keçirsinlər. Buna imkan vermək olmaz. Tarixdən dərs çıxarılmalı və erməni separatizminin bu ölkənin torpaqlarında nə vaxtsa yenidən cücərməməsi üçün düzgün qərarlar qəbul olunmalı, addımlar atılmalıdır. Biz Dağlıq Qarabağ bölücülərdən təmizlədikdən sonra elə bir nizam-intizam yaratmalıyıq ki, oralar bir daha separatçı yuvasına çevrilməsin.



Sənan M.,
Azmarka.az

Digər xəbərlər

  • 22.12.2020
  • 18.12.2020
  • 17.12.2020
  • 11.12.2020
  • 6.12.2020
  • 4.12.2020
  • 3.12.2020
  • 3.12.2020
  • 29.11.2020
  • 25.11.2020
  • 19.11.2020
  • 17.11.2020
  • 16.11.2020
  • 7.11.2020
  • 3.11.2020