Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ermənistan neft-qaz kəmərlərimizi vura bilərmi? - tanınmış ekspertdən Azmarka-ya ilginc açıqlamalar...

Sentyabrın 27-də ermənilərin cəbhədə növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələri uğurlu hərbi əməliyyatlara başlayıb və işağladkı torpaqlarımızın bir qismini azad edib. Rəşadətli ordumuzun hgər gün yenmi qələbə xəbərləri gəlir. Düşmən həyəcan və təşviş içindədir, düşdüyü əlacsız durumdan münaqişənin miqyasını genişlətməyə çalışaraq çıxmağa cəhd edir. Cəbhədən aralıda yerləşən şəhərlərimizin atəşə tutulması, mülki əhalinin hədəfə alınması məhz buna hesab hesablanıb.

Ermənistan hakimiyyətinin məğlubiyyətdən doğan isterika altında beynəlxalq əhəmiyyətli neft-qaz kəmərlərini vura biləcəyinə dair ehtimallar da eyni səbəbdən yaranıb. Bəs bu ehtimalların gerçəkləşməsi nə qədər realdır?

Ermənistan neft-qaz kəmərlərimizi vura bilərmi? - tanınmış ekspertdən Azmarka-ya ilginc açıqlamalar...

İlham Şaban

Azmarka.az bu və digər vacib suallara Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji sahəsi üzrə ekspert İlham Şabandan cavab almağa çalışıpb. İndi həmin müsahibəni təqdim edirik.


- İlham bəy, sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar beynəlxalq əhəmiyyətli neft-qaz kəmərlərinin təhlükəsizliyi məsələsini gündəmə gətirib. Həmin kəmərlərə qarşı düşmən tərəfdən təhlükə nə qədər realdır?
- Məsələyə soyuq baxışla diqqət yetirmək lazımdır. Elə zənn etmək lazım deyil ki, hər hansı kəmər tam təhlükəsiz vəziyyətdədir. Unutmayaq ki, bu kəmərlər nəqliyyatın bir növüdür. İstənilən nəqliyyat növündə isə - bu, dəmir yolu da ola bilər, avtomobil, yaxud hava nəqliyyatı da - hər il müxtəlif qəzalar olur. O cümlədən, boru kəməri nəqletmənin bir növü olaraq, qəzalardan sığortalanmayıb. Onlarla bağlı dünya təcrübəsində kifayət qədər fors-major hallar yaşanıb. Söhbət qəzalardan, texnogen qəzalardan – zəlzələ, vulkan püskürməsi, bunban başqa, qeyri-qanuni birləşmələr və sadəcə texniki təhlükəsizlik məsələlərinə riayət edilməməsi nəticəsində ortaya çıxan problemlərdən, kəmərlərin zədələnməsindən gedir. Nəhayət, sonuncu amil - terror aktları və müharibə şəraitində kəmərlərə endirilən zərbələrdir. Bütün bunlarla bağlı dünyada mütəmadi olaraq təcrübələr yaşanır. Bir kəmərdə hansısa fors-major halın baş verməsi dünya və bazar iştirakçıları üçün hər hansı fövqəl hadisə deyil. ABŞ-ın özündə belə A nöqtəsindən B nöqtəsinə qədər hər hansı kəmər sadalanan səbəblərin hər hansı birindən fəaliyyətini dayandırır. Bu Rusiyada da ola bilər, Afrikanın hər hansı bir ölkəsində də... Bu, ölkənin stabil və oradakı ictimai-siyasi vəziyyətindən o qədər də asılı olmur. Bu təhlükə hər zaman var və bu risk dərəcəsinin faktorlarından biridir. Təsəvvür edin ki, Allah eləməmiş, Ermənistan tərəfindən atılan raketlərdən biri boru kəmərinə dəyərdi. Mən burada da hər hansı fövqəl hadisə görməzdim. Misal üçün, bu ilin mart ayında Türkiyə ilə İran arasındakı qaz kəməri partladıldı. Bu, ən çox partladılan qaz kəmərlərindən biridir. Yaxud, Kərkük-Ceyhan boru kəməri əvvəllər “aşsüzən”ə dönmüşdü. Bu kəmər, demək olar, ayda bir dəfə, iki ayda bir dəfə partladılırdı. Ancaq bütün bunlar bazar iştirakçıları üçün elə də faciəvi, yaxud gözlənilməz hadisə deyil. Dediyim odur ki, belə hallar dünya təcrübəsində adiləşib və bazarda ciddi böhrana yol açmır. Fikrimi bir az da konkretrləşdirim: misal üçün partladılan qaz kəmərində yanma baş verir. Siyirtmələr bağlandıqdan sonra yanan qaz da bitir və bunun heç bir ekoloji fəsadı olmur. Ancaq neft kəməri partladılsa, neft dağılması baş verir. Bu zaman da siyirtmələr bağlandıqdan sonra 10-20 metr, bəzi hallarda 30 metr boru kəməri dəyişdirilir və 3 gündən sonra yenidən işə salınır. Son bir məlumatı deyim ki, Bolqarıstandan Yunanıstana gedən qaz boru kəməri bu ilin iyulun 27-də kənar müdaxilə nəticəsində fəaliyyətini dayandırdı. Lakin iki gün sonra, iyulun 29-da yenidən fəaliyyətini bərpa etdi. Bütün bunları deməkdə məqsədim odur ki, neft-qaz kəmərləri hədəf seçilsə belə, bundan faciəvi nəticələr çıxarmaq elə də doğru deyil. Sadəcə, düşmənin boru kəmərlərini hədəfə çevirməsi davamlı xarakter ala, hətta münaqişə bitdikdən sonra da müxtəlif vasitələrlə həmin kəmərlərin fəaliyyətinə mütəımadi şəkildə kənardan müdaxiləyə çalışa bilər. Bu artıq ciddi məsələdir və önləyici tədbirlər görülməsi vacibdir. Çünki, bu enerji təhlükəsizliyi və stabilliyinə olan təhdiddir. Həmin kəmərlər Avropa bazarı üçün nəzərdə tutulubsa, deməli, eyni zamanda Avropa ölkələri üçün də təhdiddir. Odur ki, münaqişəni status-kvo səviyyəsində saxlamaq yerinə birdəfəlik həll etmək barədə düşünmək laızmdır. Hansı ki, indi Azərbaycan məhz buna çalışır və istəyinə nail olur.


- Neft-qaz kəmərlərinə təhlükə reallaşsa, buna beynəxalq birliyin, xüsusislə də öz enerji təminatının böyük hissəsi həmin kəmərlərdən asılı olan Avropa ölkələrindən hansı reaksiya gələ bilər?
- Biz o ümiddə olmamalıyıq ki, guya onlar Ermənistana sərt üzlərini göstərəcəklər. 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” müqaviləsi imzalanan zaman bütün Azərbaycan vətəndaşlarının belə bir inamı vardı ki, beynəlxlaq ictimaiyyət bundan sonra münaqişənin ədalətli həllinə cəhd göstərəcək. Çünki artıq hasil edilən neft-qazın təhlükəsiz daşınması lazım gələcəkdi. 1994-cü ildən indiyədək 26 il keçib. Həmin müddətdə görünən bu oldu ki, biz boş yerə ümid bağlamışıq. Avropa üzdə desə də, əməldə boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı heç bir ciddi addım atmadı, işğala son qoymaq üçün hərəkətə keçmədi. Digər tərəfdən, unutmayın ki, Azərbaycan, eləcə də, kəmərlərin keçdiyi Gürcüstan və Türkiyə, hətta Avropa ölkələrinin hər biri enerji resurslarını nəqletmə məsələsində hökumətlər səviyyəsində üzərlərinə təhlükəsizliklə bağlı öhdəlik götürürlər... Bir maraqlı məqamı da deyim. Açıq görünür ki, toxunduğunuz məsələ hətta neft-qaz layihələrində iştirak edən şirkətləri də maraqlandırmır. Düzdür, BP həmin layihələrdə aparıcı operatorlardan biri olaraq Azərbaycana dəstəyini bildirib. Azərbaycanla Ermənistan arasında durumun “qaynar faza” həddinə gəlib çatmasından, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin hədəfə alınmasından narahatılığını ifadə edən bəyanat yayıb. Lakin biz digər layihə iştirakçılarının – istər hasilatçı olsun, istərsə də nəqletmə və infrastrukturda payçı şirkət olsun, - Azərbaycanın haqlı mövqeyinə dair nə bir bəyanat eşitdik, nə də quruca açıqlama... Yaxşı, bundan sonra niyə biz çıxıb yalandan deməliyik ki, “Total” şirkəti Azərbaycanın yanında dayanıb? Ya da qeyrisi... Demək istəyirəm ki, sabah neft-qaz kəmərlərinə düşmənin hücumu olarsa, həmin vaxt Avropadan ciddi təpki gələcəyinə bel bağlamamalıyıq.

- Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələlər şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizin ərazisindən keçən neft və qaz kəmərlərinin təhlükəsizliyinin qorunmasına NATO və ya digər beynəlxalq təşkilatların cəlb olunmasının mümkünlüyü barədə suala cavab verərkən deyib ki, Azərbaycan Respublikası öz imkanları ilə bunu təmin edir. Eyni zamanda müvafiq tərəf müqabilləri ilə də, layihədə iştirak edən aparıcı şirkətlərlə də bu infrastrukturların təhlükəsizliyini gücləndirmək məsələləri ilə bağlı fikir mübadiləsi aparır. Lakin hər hansı bir üçüncü tərəfin təhlükəsizliyin təmin olunmasında iştiraka ehtiyac yoxdur. Bu fikirlərlə bölüşürsünüzmü?
- Beynəlxalq əhəmiyyətli boru kəmərlərinin, eləcə də Azərbaycan ərazisində fəaliyyət göstərən xarici neft-qaz şirkətlərinin təhlükəsizliyinə Azərbaycan hökuməti zəmanət verir. Təhlükəsizliklə bağlı məsələlər hər bir hökumətin özünün daxili işidir və bu müqavilələrdə də öz əksini tapıb. Azərbaycanın nəqletmə ilə bağlı iki sənədi var. Bu sənədlər Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi boru kəmərləri ilə bağlıdır. Əgər boru kəmərinin keçdiyi Gürcüstan ərazisində hər hansı hadisə baş verirsə, onun təhlükəsizliyi üçün Azərbaycan və ya Türkiyə tərəfinin hərbi güc göndərilməsi məsələsi yoxdur. Bakı-Tbilisi-Ceyhanın və o cümlədən həmin dəhlizdə yerləşən Azərbaycanın ixrac enerji infrastrukturunun təhlükəsizliyi ilə bağlı xüsusi təhlükəsizlik qüvvələri var. Bütün iş də onların üzərinə düşür. Həmin təhlükəsizlik qüvvələri mütəmadi olaraq təlimlər keçirlər və istənilən fors-0major vəziyyətə hazırdırlar. Yəni Azərbaycan, Gürcüstan və Türkiyənin təhlükəsizlik qüvvələrinin keçirdikləri birgə təlimlə məsələ bitir. Biz özümüzü aldatmamalıyıq ki, əgər Ermənmistanın atdığı raket Bakı-Tbilisi-Ceyhana dəysə, NATO-nun qırıcıları gəlib Ermənistanı cəzalandıracaq. Hətta biz gördük ki, Gəncəni raketlə vuranda belə, düşmən bunu inkar etməyə, öz boynundan atmağa çalışdı. Bütün bu reallıqlardan çıxış edərək bir daha vurğulamaq istəyirəm ki, kənardan dəstəklə bağlı ümidləri, gözləntiləri yüksəltmək lazım deyil.

- İlham bəy, yekun olaraq, beynəlxalq əhəmiyyətli neft-qaz kəmərlərimizin təhlükəsizliyi ilə bağlı hansı önləyici addımları atmağı məsləhət görərdiniz?
- Biz öz Silahlı Qüvvələrimiziin gücünü elə səviyyəyə çatdırmalıyıq ki, ölkə baçısı demişkən, erməni gözünün ucu ilə də sərhəddən bu yana bəd nəzərlə baxmağa cürət eləməsin. Bizə uzun müddətdir təlqin edirdilər ki, Azərbaycan özü döyüşə bilməz, münaqişənin hərbi həlli bizim təkbaşına öhdəsindən gələ biləcəyimiz iş deyil. Ancaq sentyabrın 27-dən başlanan hərbi əməliyyatlar sübut etdi ki, Azərbaycan dəyişib, Azərbaycan inkişaf edib. Azərbaycan nəyə qadir olduğunu arxada qoyduğumuz 25 gündə sübut etmişik. Cənab Prezidentin iradəsi sübut etdi ki, xalqımız nə qədər böyük gücə, Ordumuz necə böyük potensiala, misilsiz şücaətə sahibdir. Qısası, hər bir sahədə, o cümlədən neft-qaz kəmərlərinin təhlükəsizliyi məsələsində bütün önləyici və həlledici Azərbaycan özü görməlidir. Hesab edirəm ki, görür də!



Sənan M.,
Azmarka.az

Digər xəbərlər

  • 20.11.2020
  • 18.11.2020
  • 7.11.2020
  • 30.10.2020
  • 15.10.2020
  • 14.10.2020
  • 8.10.2020
  • 8.10.2020
  • 7.10.2020
  • 7.10.2020
  • 3.10.2020
  • 3.10.2020
  • 29.09.2020
  • 28.09.2020
  • 22.09.2020