Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Kinomuzun "Zülümov"u: Ölümündən qabaq telefon kitabçasını qarşısına qoydu və...

O, sanki bu dünyaya insanları güldürmək üçün gəlmişdi. Hər səhnəyə çıxışı auditoriya üçün əsl bayrama çevrilirdi. Yüksək sənətkarlıqla yaratdığı obrazın xarakterini tamaşaçıya bütövlükdə çatdırırdı. Aktyorun mimika və jestlərdən məharətlə istifadəsi isə təkrarolunmaz bir sənətkarlıq nümunəsi idi.
Söhbət Xalq artisti, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcılarından olan Lütfəli Abdullayevdən gedir.

Azmarka.az özünün böyük oxucu marağına səbəb olan "Həmişəyaşar" layihəsi çərçivəsində görkəmli aktyorla bağlı maraqlı faktları təqdim edir.

***
L.Abdullayev 1914-cü il martın 22-də Şəkidə dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı müddətdə artıq sözsüz və epizodik rollarda, tezliklə isə “Arşın mal alan” operettasında Vəli rolunda oynayıb. 1938-ci ildə Musiqili Teatrı yarananda L.Abdullayev truppaya qəbul edilib. Teatr fəaliyyətini dayandırdığı müddətdə L.Abdullayev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb, Tulio (“Rəqs müəllimi”), Rəşid (“Kimdir müqəssir?”), Tağı (“Köhnə dudman”), Oddamdı (“Od gəlini”), Nadir (“Çiçəklənən arzular”) rollarında çıxış edib. 1956-cı ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının fəaliyyəti bərpa olunduqdan sonra L.Abdullayev bu teatrın aparıcı sənətkarı kimi əksər tamaşalarında çıxış edib.

***
Onun zəngin obrazlar qalereyasına Vəli və Soltan bəy (“Arşın mal alan”), Hambal, Cəfər və Məşədi İbad (“Məşədi İbad”), Kəblə Heydər (“Evliykən subay”), Vəli və Sandro (“Aşıq Qərib”), Qulu (“Əlli yaşında cavan”), Kərim (“Lənkəran xanının vəziri”), Qulaməli (Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəlişah caduküni-məşhur”), Trufaldino (“İki ağanın bir nökəri”), Hamlet (“Tiflis nəğməsi”), Avo (“Şirin arzular”), Çako (“Keto və Kote”) və digər əsərlər daxildir.

***
L.Abdullayev həm də populyar kino aktyoru kimi ad-san qazanıb. Kinoda ilk işi “Arşın mal alan” filmində (1945) Vəli rolu olub. Dahi Üzeyir bəy “Arşın mal alan” filminin çəkilişləri üçün aktyor truppasını yığanda iki obraza sınaq üçün heç kimin dəvət olunmasına icazə verməyib. “Gülçöhrə obrazını Leyla Bədirbəyli, Vəli rolunu Lütfəli Abdullayev oynayacaq” deyib. O, bu rola görə 1946-cı ildə Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin “Əhməd haradadır?” (Zülümov), “Ulduz” (Məhəmməd), “Qəribə əhvalat” (Kefcilov) filmlərinə çəkilib.

***
Lütfəli müəllim sənətə on dörd yaşından başlayıb. Uşaq vaxtından dərnəyə gedərmiş.

Bir gün Azərbaycanın tanınmış sənətkarları Mərziyə Davudova və Əhməd Anatollu Şəkiyə qostrola gəlirlər. Həmin vaxt on üç yaşı olan Lütfəli müəllim onlara yaxınlaşıb aktyor olmaq arzusunu bildirir. Ə.Anatollu deyir ki, "belə olmaz, aktyor olmaq istəyirsənsə, Bakıya gəlib oxumalısan". On dörd yaşında Bakıya gələn L.Abdullayev burada dahi bəstəkarımız Üzeyir Hacıbəylini tapır. Üzeyir bəy onu Konservatoriyaya qəbul edir.

Lütfəli müəllim orada üç il oxuyur. Eyni zamanda bilir ki, işləmək lazımdır. Bu səbəbdən də xora daxil olur. Səsi güclü olmasa da, məlahətli imiş.

Kinomuzun "Zülümov"u: Ölümündən qabaq telefon kitabçasını qarşısına qoydu və...


***
Lütfəli müəllimin qızı Xurşud Abdullayevanın dediyinə görə, uşaq vaxtı atası ilə tez-tez gəzintiyə çıxarmışlar: " Yoldan keçənlərin atama baxıb gülmələri mənə o qədər pis təsir edirdi ki, evə gələndə. "Axı onlar niyə atama baxıb gülürlər? O gülməli deyil axı" deyib ağlayırdım. Çox ciddi olsa da, nə mənə, nə də bacıma heç vaxt "yox" sözü deməzdi. Bütün "yoxlar" anamdan gəlirdi. Anam da çox ciddi xanım olub. Anam tərəfdən elə münasibətlər qurulmuşdu ki, "atanız icazə vermir" deyib bizi inandırırdı. Atam rəhmətə gedəndən çox sonra anamla söhbətlərimdə bildim ki, atam anama "olsun" deyərmiş..."

***
Xurşud xanımın dediyinə görə, evləri həmişə qonaqlı-qaralı olub: "Ancaq nə həddimizə ki, onlarla bir masada əyləşək, səsimiz çıxsın. Qonaq üçün pianoda çalıb, şeir deyib öz otağımıza çəkilərdik. Atam baxıb fərəhlənərdi bu səhnədən..."

***
Lütfəli müəllimin ölümündən 19 il sonra onun qızının başına maraqlı əhvalat gəlib. Belə ki, Xurşud xanım 1992-ci ildə İngiltərədə oxuyarkən oradan özümə çox bahalı portmanat alıbmış. Azərbaycana gəldikdən bir müddət sonra bazarda portmanat oğurlanır. Xurşud xanımın dediklərindən: "İki gün keçəndən sonra evimizə zəng gəldi. Zəng edən dedi ki, bazar müdiridir. “Gəlin, itən portmanatınızı aparın”. Sən demə, oğru açıb görüb ki, içərisində atamın şəkli var, onu qoyub “Təzə bazar”ın qapısı önündə. Özü ora qoyub ki, kimsə onu qaytarsın. Bu günə kimi həmin portmanatı saxlayırıq. O zaman təsəvvür edin ki, atamın ölümündən 19 il ötmüşdü. Bundan da böyük bir hörmət olarmı!?”

***
Lütfəli müəllim bir dəfə düz bir həftə yoldaşı ilə danışmayıb. Səbəbi isə onun mağazadan gedib çörək alması olub. Görkəmli sənətkar buna bərk hirslənib, deyib ki, sən məni biabır elədin. Həyat yoldaşı səbəbini soruşub.

Aktyor cavab verib: "Çünki deyəcəklər, “Lütfəlinin arvadını əlində torba gördük”...

***
Yeri gəlmişkən, Lüfəli müəllimin həyat yoldaşı Sevda xanım Azərbaycan ictimai-siyasi xadimi, jurnalist, həkim, müəllim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini Həsən bəy Ağayevin nəvəsi, Azərbaycan Xalq Cümhuriyyətinin (sonradan isə Qazaxıstan SSR-in) ictimai-siyasi və dövlət xadimi, ilk Cümhuriyyətimizi elan edən Milli Şuranın, ardınca da ilk Parlamentimizin üzvü və katibi, 5-ci Nazirlər Kabinetində Əmək və Əkinçilik Naziri Əhməd bəy Pepinovun qızı olub.

***
Lütfəli müəllimin digər qızı Gülnarə xanımın dediklərindən: " Atamla anam 15 il bir-birlərini seviblər. Amma ailə həyatı qura bilmirlərmiş. Eşidəndə ki, Lütfəli Abdullayev Sevda xanımla ailə quracaq, o zaman onu KQB-yə çağırıblar. Orada ona deyiblər ki, Əhməd bəyin qızı Sevda xanım ilə ailə həyatı qursan, başın ağrıyacaq. Amma atam bundan qorxmamışdı. O illərdə Bakıda bir yeməkxana var imiş. Ora ancaq talonla giriş olurmuş. 1943-cü ildə atamla anam orada tanış olublar. Tanışlıqdan sonra atam anamın nənəsi Xədicə xanımın yanına gəlib. Anamı da nənəsi Xədicə xanım böyüdüb. Çünki babam həbs olunandan sonra nənəm Xurşud xanım ərə gedib. Onun həyat yoldaşı Eyvazov Bahadur özü də tanınmış adam idi. O nənəmlə ailə həyatı quranda anamı gətirməyə icazə verməyib. Elə o vaxtdan - 7 yaşından anam nənəsinin yanında qalıb. Atamla anamın toyu düz 15 il sonra 1957-ci ildə olub. Atam 47 yaşında evlənib. Hətta ailə həyatı qurandan sonra anam öz soyadını dəyişməyib. Atam deyib ki, qoy Pepinovlar soyadı yaşasın".

***
Bir dəfə Lütfəli müəllim görür ki, gecə vaxtı 14-15 yaşlı bir qız bu küçədə durub. Yaxınlaşıb soruşur ki, sən burda nə edirsən? Adı Dusya, əslən isə malakan olan qız cavab verir ki, iş axtarıram, nə iş olsa, gedərəm.

Lütfəli müəllim Dusyanı götürüb evə gətirir, deyir, bu gündən sən mənim qızımsan. Ailə üzvləri də qızı çox sevirlər. O, görkəmli sənətkarın övladları üçün ikinci anaya çevrilir.

L.Abdullayev sonradan Dusyaya toy da edir. Lakin öz övladı olmur, bu səbəbdən də ömrünün sonlarına yaxın Lütfəli müəllimin evinə qayıdır və dünyasını orada dəyişir. Üstəlik, ölümündən əvvəl vəsiyyət edir ki, onu müsəlman qəbristanlığında basdırsınlar, Quran oxunsun, halva çalınsın, aş bişirilsin.

Lütfəli müəllimin ailəsi həmin vəsiyyəti yerinə yetirir.

***
L.Abdullayev 1973-cü il dekabrın 9-da Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır.

***
Qanında şəkər tapılanda həkim aktyora pəhriz saxlamağı tapşırır. O isə həkimə qulaq asandan sonra cavab verir: “Nə deyirsən, məgər mən ölməyəcəm? Onsuz da öləcəm, qoy heç olmasa tox ölüm”.

***
Ölümü gözlənilməz olub.

Vəfat etdiyi gün Nəsibə Zeynalova ilə birlikdə Lütfəli Abdullayevi Politexnik İnstitutuna görüşə dəvət ediblərmiş. Evə axşam aat 8-də evə qayıdır. Şam edəndən sonra sanki ürəyinə nəsə damıbmış kimi, telefon kitabçasını qabağına qoyub bir-bir tanışlarına zəng vurmağa başlayır. Şəmsi Bədəlbəyliyə azı 10 dəfə zəng edir. Konsertə baxan Şəmsi axırda dilə gəlir ki, “ay Lütfəli, qoy televizora baxım da. Nə istəyirsən e?!”

Lakin nə Şəmsi müəllim, nə də digər sənətkar yoldaşlarının ağlına da gəlməzmiş ki, bu onların unudulmaz aktyorla son danışığıdır...

***
Görkəmli aktyorun həyat yoldaşı onun yasını düz 30 il, ömrünün sonunadək saxlayıb, heç vaxt şadlıq məslislərinə getməyib...



Elçin ŞAHMURAD,
Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031