Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Qazaxıstanda SON DURUM: Tokayev danışıqlardan imtina etdi - VİDEO - YENİLƏNİR

8 yanvar, saat 00.01
“2022-ci il yanvarın 2-də mən hökumətə Qazaxıstanda etirazçıların müraciətlərinə operativ reaksiya verməyi və mayeləşdirilmiş qazın qiymətlərinin tənzimlənməsi üçün kompleks tədbirlər həyata keçirməyi tapşırdım. Təəssüf ki, Qazaxıstanın bir sıra regionlarında və Almatıda bu, zorakılıqla qarşılandı. Buna görə də hökuməti istefaya göndərmək qərarına gəldim və komendant saatı tətbiq etdim". Azmarka.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz tviter hesabında yazıb.

Tokayev bildirib ki, bütün səylərə baxmayaraq, etirazlar iğtişaşlara səbəb olub.

Prezident vurğulayıb ki, iğtişaşçılarla heç bir danışıq aparılmayacaq: "Onların ümumi sayı 20 mindir. Bəzilərinin qazax dilində danışmadığı məlum olub".

“Qazaxıstan xarici diplomatik nümayəndəliklərin, habelə xarici şirkətlərin və investorların şəxsi heyətinin və əmlakının təhlükəsizliyini və mühafizəsini təmin edəcək”, - Tokayev əlavə edib.

***
7 yanvar, saat 10.10
Qazaxıstanda bütün icra hakimiyyəti binaları azad edilərək gücləndirilmiş mühafizəyə götürülüb. Azmarka.az xəbər verir ki, bunu Qazaxıstanın Daxili İşlər Nazirliyi açıqlayıb.

“Respublika üzrə tətbiq olunan fövqəladə vəziyyət çərçivəsində tədbirlər həyata keçirilir. Ölkə ərazisində gecə-gündüz fəaliyyət göstərən 70 blokpost yaradılıb”, - nazirlikdən qeyd olunub.

Məlumata görə, paytaxt Nur-Sultana silah keçirmək cəhdlərinin qarşısı alınıb. Hüquq-mühafizə orqanları silah daşıyan avtobusları saxlayıb.

Bundan başqa, Almatının mərkəzi meydanında atışma getdiyi bildirilib.

***
6 yanvar, saat 23.25.

Qazaxıstanda kütləvi iğtişaşlarla bağlı cinayət işi açılıb. Azmarka.az xəbər verir ki, bu barədə ölkə prokurorluğu qərar qəbul edib.

Qərara əsasən, Qazaxıstan Cinayət Məcəlləsinin kütləvi iğtişaşlar törətmək, terror hərəkətləri maddələri üzrə cinayət işi başladılıb.

Xüsusi prokurorun rəhbərliyi altında Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və digər hüquq-mühafizə orqanlarının ən təcrübəli əməkdaşlarından ibarət idarələrarası istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda ibtidai istintaq aparılır.

Qeyd olunur ki, Qazaxıstandakı iğtişaş iştirakçılarını vətəndaşlıqdan məhrum edilməklə səkkiz ildən ömürlük həbsə qədər cəza gözləyir.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Yanvarın 5-də prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. /report

***
Saat 13.15

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yanacağın bahalaşması ilə başlayan və hökumətin qiymətləri endirmək qərarına baxmayaraq şiddətlənən etiraz aksiyalarının davam etdiyi Qazaxıstana sülhməramlı qüvvələrini göndərib.

Azmarka.az xəbər verir ki, Rusiya hava-desant qoşunları “sülhməramlı qüvvələr” kimi öz vəzifələrinə başlayacaq.

Qazaxıstana göndərilən KTMT qüvvələrinin vəzifəsi dövlət və ordu obyektlərinin mühafizəsində təhlükəsizlik qüvvələrinə yardım etmək olacaq.

KTMT etirazlara müdaxilə etməyəcək.

Sülhməramlı kontingentə Rusiyadan başqa Belarus, Ermənistan, Qırğızıstan və Tacikistan hərbçiləri daxildir.

***

Saat 09.50

Almatı polis idarəsinin rəsmi nümayəndəsi Saltanat Azirbek bildirib ki, şəhərdəki iğtişaşların onlarla iştirakçısı məhv edilib, onların şəxsiyyəti müəyyənləşdirilir.

Azmarka.az xəbər verir ki, Alma-Ata polisi, həmçinin, şəhərdə silah mağazasının qarət edildiyini bildirib.

"Şəhər polis idarəsi silah anbarından silah oğurlandığını təsdiqləyib", - yerli "Xəbər 24" dövlət telekanalı bildirib.

Bundan əvvəl Almatı sakinləri şəhərin küçələrində avtomat silahlardan atışma barədə danışıblar. Şahidlər təkcə polis və hərbçilərin deyil, etirazçıların da pulemyotlarla silahlandığını bildiriblər. Messencerlərdə və sosial şəbəkələrdə atışmanın aydın eşidildiyi videolar yerləşdirilir.



***
Saat 09.10
Qazaxıstanın Almatı şəhəri meriyasının qarşısındakı Respublika meydanında hərbçilərlə silahlı şəxslər arasında atışma başlayıb. Azmarka.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Meydana hərbçilər gəldi, iğtişaşçıların “təmizlənilməsi” əməliyyatı başladı. İntensiv atışma gedir”, - TASS-ın əməkdaşı bildirib.

Öz növbəsində “Sputnik.kz” da teleqram kanalında şəhərdə atışmanın getdiyi xəbər verib. “Meydanda atışma gedir”, - agentlik bildirib.

Qeyd edilir ki, meydana 50-yə yaxın hərbi texnika, o cümlədən BTR, hərbçilərlə dolu yük avtomobilləri cəlb olunub və meydan mühasirəyə alınıb.

"Meydanın mərkəzində iğtişaşların 200-ə yaxın təhrikçisi toplaşıb, bəzilərində odlu silah var”, - xəbərdə qeyd olunur.

Müxbirin sözlərinə görə, 10-a yaxın atəş açılıb. "Lakin atəş açan təhlükəsizlik qüvvələri deyil", - agentliyin əməkdaşı əlavə edib.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31