Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

HƏFTƏNİN SUALI: Banklar dolların alış qiymətini niyə bahalaşdırdı? - CAVABLAR...

Azərbaycanda bir sıra bankların dollar alışı qiyməti qalxıb, satış qiyməti isə dəyişməyib. Hazırda bir sıra banklar əhalidən dolları 1.7 manatdan alır. Bundan öncə dolların alış qiyməti 1.68-1.69 manat civarında olub. Dolların satış qiyməti isə 1.7020-1.7025 arasındadır.

Azmarka.az yola saldığımız həftənin ən diqqətçəkən mövzularından biri barədə rəyləri təqdim edir. Beləliklə, banklarımız dolların alış qiymətini niyə bahalaşdırdılar?

Banklararası rəqabət...
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun fikrincə, faktiki olaraq banklar dollar almağa meyillidir: "İndiyədək daha aşağı qiymətə dolları alırdılar.

Başqa sözlə, indiyə qədər dolları əhalidən 1.68-1.69 manata alırdılar, indi isə 1.7 manatdan alırlar. Amma dolların əhaliyə satış qiyməti isə dəyişməyib. Ola bilər ki, Mərkəzi Bank banklara kifayət qədər dollar satmır, ona görə də onlar əhalidən dollar almağa meyillidirlər.

Bu da bankların öz aralarındakı rəqabətdir. Yəni banklar həqiqətən də dolları çox almaq istəsəydilər, onlar dolları 1.71 manata da alardı. Bu, daha çox banklararası rəqabətdir".

Dövriyyədə dollar çatışmazlığı yoxur
"Amma bu, hələlik ciddi məsələ deyil və yalnız ondan xəbər verə bilər ki, Mərkəzi Bank dollar satışını bir qədər azaldıb. Dövriyyədə dollar çatışmazlığı yoxur" - deyə o qeyd edib.

Espert bildirib ki, banklardan dollar almaq mümkündür: "Lakin 20 min manatlıq limiti keçdikdə isə banklar müştərini sorğu-sual edir, pulu haradan qazandığını soruşurlar. Bunu qeyri-rəsmi tətbiq edirlər. Ölkədə valyuta alışına qeyri-rəsmi məhdudiyyət var".

Onun fikrincə, ən azı bu ilin birinci yarısında Azərbaycanda dollar məsələsində poblem olmayacaq. Çünki neftin qiyməti kifayət qədər sabitdir, yüksəkdir.

FED qərarının Azərbaycana ciddi təsiri olmayacaq
"Hazırda dünyada FED-in faiz qərarını gözləyirlər. O qərardan sonra dünyada dolların bahalaşması gözlənilir. Amma bu qərarın Azərbaycana ciddi təsiri olmayacaq necə ki, əvvəlki dövrlərdə də belə olub" - deyə iqtisadçı əlavə edib.

Sabir rejim, "üzən" məzənnə, yoxsa...
İqtisadçı-ekspert Xalid Kərimli isə iki gün öncə yerli mətbuata açıqlamasında 2022-ci ildə də manatın dollara nəzərən məzənnəsində sabitliyin qorunması ilə bağlı əminliyini bildirib.

Ekspert Azərbaycan manatının 2016-cı ildən dollara nisbətdə fiksasiya edildiyini belə izah edib: “Əslində Azərbaycan valyutası sabit rejimdə deyil. Bu heç “üzən” rejim də hesab olunmur. Hazırda manat dollara fiksə edilmiş rejimdədir, termin olaraq buna “hard peg” deyirlər. Yəni, valyuta konkret olaraq digər valyutaya mismarlanır. Manat üçün bu valyuta ABŞ dollarıdır. Beləliklə, dollar bahalaşanda bizim valyuta bahalaşır, ucuzlaşanda ucuzlaşır. Məsələn, 2021-ci ilin mart ayından dollar bahalaşmağa başladı. Beləliklə, bizim valyuta da avro və ya funt sterlingə nisbətdə bahalaşdı”.

Ötən il Mərkəzi Bankın valyuta ehtiyatlarında da cüzi də olsa, artım müşahidə olunduğunu deyən X.Kərimli son aylarda, xüsusilə türk lirəsinin çöküşü ilə manatın ucuzlaşması riski yarandığını diqqətə çatdırıb: “Ümumilikdə ötən ili müsbət başa vura bildik. Bu il də enerji qiymətlərinin bahalı olması milli valyutanın kursunun etibarlı qalacağına dair gözlənti formalaşdırır.

Təbii ki, risklər də qaçılmazdır. Doğrudur, xüsusən enerji qiymətlərinin baha olduğu indiki məqamda manata elə bir təzyiq yoxdur. Lakin manatın kursu enerji qiymətlərindən ciddi şəkildə asılıdır. Təbii ki, Mərkəzi Bankın siyasəti qısamüddətli fluktasiyaları, psixoloji təzyiqləri, təsiri çox qalmayacaq amilləri məzənnədə hiss etdirməməkdən ibarətdir.

Bildiyiniz kimi, hazırda ABŞ siyasətinin əsası dolların bahalaşmasına hesablanıb. Bu siyasət belə davam edərsə, birbaşa manata da təsir göstərəcək.

Bizə təkcə dolların bahalaşmasının yox, eyni zamanda yaxın ölkələrin Qazaxıstan, Rusiya, Türkiyə valyutalarının qiymətinin dəyişməsinin də təsiri var. Manatın bahalı saxlanılması ortamüddətli və uzunmüddətli dönəmdə bizim qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritetinə uyğun deyil. Bu baxımdan Mərkəzi Bankın kifayət qədər resursları var ki, müəyyən müddətdə manatın qiymətini stabil saxlasın. Lakin bu, 2015-ci ildəki kimi 10 milyard ABŞ dolları hesabına başa gəlməməlidir. Halbuki onda belə istənilən nəticə əldə olunmadı”.

Bəzi bankların özündə dollar tələbi yüksəlib
Millət vəkili Vüqar Bayramov isə "facebook" səhifəsində yazıb ki, adətən maliyyə ilinin sonunda dollara tələb artması müşahidə olunur: "Dekabrda dollara tələbin artması ənənəvi valyuta tələbi ilə bağlı idi.

Pandemiyaya rəğmən yenə də xarici səfərlərin sayı az deyildi, bir sıra dövlət və özəl qurumlar xarici borc öhdəliklərini yerinə yetirirlər və bayramlar ilə bağlı idxala tələb artırdı. Bununla yanaşı, ilin birinci ayında adətən dollara tələb optimal olur. Amma bankların alış kursunu artırması göstərir ki, bəzi bankların özündə dollar tələbi yüksəlib.

Daha yüksək alış kursu isə bazardan daha çox dollar cəlb etməyə xidmət edir. Bununla belə, dolların nağd satış kursunun ciddi dəyişməməsi isə ondan xəbər verir ki, bzinesdən kənar vayuta tələbi hələlik yüksək deyil".

Manatın məzənnəsi dəyişə bilərmi?
Dolların alış kursunun artması manatın məzənnəsinin dəyişməsinə gətirib çıxa bilərmi sualına deputat belə cavab verib: "Azərbaycanda üzən valyuta rejiminə keçid başa çatmadığı üçün manatın kursu birbaşa Mərkəzi Bankın intervensiyası ilə müəyyənləşir.

Yəni, üzən valyuta sistemlərində məzənnəni bazar təklifinə uyğun proqnozlaşdırmaq olur, amma əgər kurs fiksdirsə o zaman dəyişikliklər birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olur. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır.

Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir
"Manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir" - deyə o əlavə edib.

Mərkəzi Bankın 2022-ci il üzrə dollar-manat məzənnəsi barədə gözləntisi nədir?
Qeyd edək ki, ötən ilin dekabr ayında Mərkəzi Bankın 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir ki, 2022-ci ildə Azərbaycanda manatın ABŞ dollarına qarşı "lövbər" məzənnədə qalması dəstəklənəcək.

Bildirilir ki, 2022-ci ildə proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin etməklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcək.

Azərbaycan Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə əsasən, 2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı gözlənilir.

BVF inkişaf etməkdə olan ölkələrə xəbərdarlıq edib
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) açıqlamasına görə, inkişaf etməkdə olan ölkələr ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faiz artımına hazır olmalıdır. FED-in gözləniləndən daha sürətli addım atması kapital axınına və inkişaf etməkdə olan ölkələrdə valyutaların ucuzlaşmasına səbəb ola bilər.

Gözləniləndən daha sürətli inflyasiya FED-i faizləri daha sürətli artırmağa sövq edəcək. Bu isə maliyyə bazarlarını sarsıda, qlobal miqyasda maliyyə şərtlərini sərtləşdirə bilər.

FED-in iclası nə vaxt olacaq?
FED-in 2022-ci ilin ilk iclası yanvar ayında keçiriləcək. FED 2021-ci ilin son iclasını dekabr ayında keçirib, gözləntilərə uyğun olaraq uçot dərəcəsini 0-0.25 səviyyəsində saxlayıb.

FED-in faiz qərarı 25-26 yanvar tarixlərində keçiriləcək ilin ilk toplantısından sonra ictimaiyyətə açıqlanacaq. İkinci iclas martın 15-16-da, üçüncü iclas isə 3-4 may tarixlərində keçiriləcək.


İlhamə ƏZİZ,

Azmarka.az

Digər xəbərlər