Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Çeçenlər Ukraynada ruslara qarşı "Şeyx Mansur batalyonu" yaratdı - YENİLƏNİR

***

06 mart, 16:39

"Rusiya Odessanı bombalamağa hazırlaşır".

Azmarka.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

"Odessanı bombalamağa hazırlaşırlar. Odessa! Ruslar həmişə Odessaya gəliblər. Onlar burada həmişə isti və səmimi münasibət görüblər. İndi nə? Odessaya bomba? Odessaya artilleriya? Odessaya raketlər? Bu, tarixi bir cinayət olacaq” , - prezident vurğulayıb.

Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, Rusiya genişmiqyaslı hücumun ikinci dalğasını hazırlayır və Kiyevi ələ keçirmək ümidi yoxdur.




5 mart, saat 20.50

Ukrayna Rusiya müharibəsində Rusiyaya ilk yardım Çeçenistan lideri Kadırovdan gəlib. Kadırov öz qoşunlarını Rusiya adından döyüşmək üçün Ukraynaya göndərib.

Türk mediasının yazdığına görə, Kadırovun legitimliyini qəbul etməyən və özünü "Şeyx Mənsur batalyonu" adlandıran çeçen qruplaşmasının lideri Müslüm Çeberlov Kiyevdə ruslara qarşı döyüşür. "Biz qisas almağa gəlmişik. Sayımız günü-gündən artır. Kadırov bizim düşmənimizdir", - Çeberlov deyib.

Azmarka.az xəbər verir ki, "Yeni Şafak"dan Burak Doğanın xəbərinə görə, Çeberlov "2014-cü ildə Krımın ilhaqı ilə başlayan müharibəyə qatılmaq üçün Mariupola gəldik. Burada "Cahar Dudayev" və Şeyx Mənsur batalyonlarını qurduq" deyib. Əlavə edib ki, iki çeçen müharibəsində dörd liderimiz və minlərlə insanımız şəhid olub. Biz bura qisas almağa gəlmişik. Biz əvvəllər Mariupol şəhərində idik. Bu son münaqişələrlə bağlı Ukrayna administrasiyası bizdən Kiyevə gəlməyi xahiş etdi. Biz indi Kiyevdəyik. Ukrayna administrasiyası ilə münasibətlərimiz yaxşıdır. Əsgər sayımızı deyə bilmərəm, amma ilk başladığımız vaxtdan 2-3 dəfə çoxuq. Saylarımız hər gün artır. Polşa vasitəsilə Avropadan gələn çeçenlər var. Ukrayna süqut etsə, Rusiyanın bilavasitə yaxınlığındakı ölkələr suverenliyini itirəcək. Çünki 1994-95-ci illərdə Cahar Dudayev bu barədə bir neçə dəfə xəbərdarlıq etmişdi. O, Rusiyanın Çeçenistanla qalmayacağını, Gürcüstanın, Krımın, Ukraynanın da Rusiyanın işğalına məruz qalacağını bildirib. "Ukraynadan heç bir pul almırıq" deyib. /milli.az


***
Saat 20.45
Son saatlarda Ukrayna ordusu rus qoşunlarına ağır zərbə endirib.

Belə ki, Nikolayev hərbi aerodromuna nəzarəti bərpa olunub. Bu barədə Nikolayev Regional Hərbi Administrasiyasının rəhbəri Vitali Kim bildirib.

Hazırda döyüş şəhərin kənarında davam edir.

Ukrayna artilleriyası isə Kiyev vilayətinin Kozaroviçi kəndi yaxınlığında rus desantlarının bazasını vurub. Bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqramda bildirib.

Onun sözlərinə görə, baza Kozaroviçi kəndi yaxınlığındakı müəssisənin ərazisində yerləşir.

Bununla yanaşı, Rusiya Çerniqov vilayətində texnika karvanını və Volnovaxa yaxınlığında bir təyyarəni itirib.

Həmçinin Rusiya ordusuna məxsus dəyəri 15 milyon dollar olan “Pantsir-S1” zenit-raket kompleksi və daha bir neçə texnikası qənimət götürülüb. Bu barədə Ukrayna mediası videokadrlar yayımlayıb.

Bildirilib ki, “Pantsir-S1” zenit-raket kompleksi Ukraynadakı ərazi özünümüdafiə dəstələri tərəfindən Nikolayev vilayətinin Baştanka yaşayış məntəqəsi yaxınlığında qənimət götürülüb.

Ukraynalı döyüşçülərin sözlərinə görə, rus əsgərləri texnikalarını atıb qaçıblar. Bunu kadrlardan da görmək mümkündür. Belə ki, Rusiya ordusunun kalonu tərk edilmiş haldadır və “Pantsir-S1” zenit-raket kompleksi ilə yanaşı rabitə avtomobili və daha bir neçə texnika salamat halda yolda qalıb.

Qeyd edək ki, “Pantsir-S1” kompleksinin dəyəri 15 milyon dollardır. Bundan əvvəl də ukraynalı kəndlilər “Pantsir” texnikasını ələ keçirmişdilər və onun nə işə yaradığını anlamadıqlarından od vurub yandırmışdılar.

Rusiyalı keçmiş neft maqnatı Mixail Xodorkovski isə sensasiyalı açıqlama verib. “Vladimir Putin Ukraynadakı müharibəyə ehtiyat qoşunları cəlb etmək istəyir, çünki fevralın 24-də Ukraynaya hücumdan sonra Rusiya hərbçilərinin ümumi itkisi artıq 9166 nəfərə yaxındır” deyən Xodorkovski “Müharibə Moskvaya çatdı” deyə əlavə edib.

O bununla Kremlin çox çətin vəziyyətdə qaldığını və savaşın fəsadlarının Rusiya paytaxtında artıq aydın hiss edildiyinə işareə vurubb.

Çeçenlər Ukraynada ruslara qarşı "Şeyx Mansur batalyonu" yaratdı - YENİLƏNİR


***
Saat 19.30
Rusiyanın hücumu nəticəsində 28 ukraynalı uşaq həlak olub, 64-ü yaralanıb. Azmarka.az-ın məlumatına görə, bu barədə Ukrayna prezident Ofisindən bildirilib.

Ukrayna prezidentinin uşaqların hüquqları və reablitasiyası üzrə səlahiyyətli nümayəndəsi Darya Gerasimçuk məsələ ilə bağlı deyib: “Doğum evləri, uşaq bağçaları, məktəblər dağıdılıb. Yarım milyona yaxın uşaq atəş altında və mühasirə vəziyyətində olan ərazilərdədir. Onların arasında valideyn himayəsindən məhrum olanlar və sosial yardıma ehtiyacı olanlar da var”.

Onun sözlərinə görə, fevralın 24-dən martın 4-dək Rusiyanın hücumu nəticəsində 24 uşaq ölüb, 64-ü yaralanıb.



***
Saat 15.12
Rusiya ordusunun əsgərləri Ukraynada kütləvi şəkildə, dəstələr halında bəzən heç bir müqavimət göstərmədən əsir düşür. Sosial şəbəkələrdə hər gün bunu təsdiqləyən çoxsaylı videolar yayılmaqdadır. Növbəti belə videoda əsir düşən rusların avtobusa doldurulması əks olunur, onların üst-başı palçıq içindədir, özləri günlərlə ac qaldıqlarını deyirlər və ukraynalı döyüşçülərin verdikləri çörək parçalarını acgözlüklə yeyirlər.

“Bütün bunlar bizim Ukraynanın meşələrində və çöllərində dolaşır, dərin şok vəziyyətində. Kalonlar darmadağın edilib, yemək yoxdur. Hər yerdə düşmənlərdir”, - müharibə xəbərləri yayan telegram-kanallardan biri həmin görüntüləri bu yayıb.

Həmin görüntüləri aşağıdakı lionkdən izləmək olar:

https://t.me/Dialog_Ukraine/20964

Qeyd olunur ki, rusların aclığa və soyuğa tab gətirməyərək təslim olduqları görünür. Onlar avtobusa mindirildikcə hansı şəhərlərdən xidmətə çağırıldıqlarını deyirlər...



***
Saat 10.30
Ukrayna Müdafiə Nazirliyi Rusiyaya qarşı müqavimətin doqquzuncu günü ilə bağlı məlumat yayıb.

Azmarka.az bildirir ki, nazirlikdən verilən məlumata görə, Enerqodardakı Zaporojya AES-in təlim binasında baş verən yanğın söndürülüb, hadisə nəticəsində ölən yoxdur.

“Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına və blokadaya alınmış yaşayış məntəqələrində müqavimətin zəifləməsinə yönəldiblər. Bu tapşırığın icrası zamanı Rusiya Silahlı Qüvvələri əməliyyat ehtiyatlarının böyük hissəsini tükədiblər. Onlar Cənub və Şərq hərbi dairələrindən əlavə qüvvə və vasitələrin köçürülməsi üçün hazırlıqlara başlayıblar. Volın istiqamətində qarşı tərəf 2 tabor taktiki qrupunun köməyi ilə Poliske və Kuxari ərazilərində müdafiə əməliyyatlarına keçib.

Rusiya tərəfi Belarus Silahlı Qüvvələrini Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün sərhəddə silahlı təxribatlar törədə bilər. Rəsmi informasiyaya əsasən, ruslar Xarkovu şimaldan mühasirəyə alırlar. Rusiya qoşunları Axtırka bölgəsində uğur qazana bilməyib və əsas qüvvələrini Qadyaç və Zinkov rayonlarında cəmləşdirib. Texnikada əhəmiyyətli üstünlüyə malik olan ruslar Mariupolu mühasirəyə alıb. Luqansk istiqamətində döyüşlər gedir. Nikolayev istiqamətində rusların qarşısı alınıb, lakin Voznesensk istiqamətində qismən uğur qazanıblar.

Rusiya hərbi dəniz qrupu dəniz bazalarından çıxarılıb. Ruslar bütün istiqamətlərdə itki verir. Demotivasiya olunmuş qarşı tərəf təslim olur və texnikanı atır” - məlumatda deyilir.



4 mart, 00.38
Belarusda baş tutan danışıqların 2-ci raundunda Rusiya və Ukrayna bəzi məsələlərdə anlaşa bilib.

Azmarka.az xəbər verir ki, bu barədə "Ria Novosti"yə Rusiya Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin başçısı Vladimir Medinski tərədlərin bəzi məsələlərdə razılığa gəldiyini bildirib.

“Görüş yeni başa çatıb. Ukrayna tərəfi ilə biz 3 blokda olan məsələləri müzakirə etmişik: hərbi məsələ, humanitar məsələ və münaqişənin gələcək siyasi həlli məsələsi. Mövqelər tam aydındır, bəndlərlə yazılıb. Hər bir hissə üzrə anlaşma əldə edilib”, - deyə Medinski bildirib.

"Belarusda Ukrayna və Rusiya arasında danışıqların ikinci mərhələsi başa çatıb. Danışıqların ikinci raundu 2 saatdan artıq davam edib. Ukrayna və Rusiya nümayəndə heyətləri humanitar dəhliz açılması və müvəqqəti atəşkəslə bağlı razılığa gəliblər". Bunu isə Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, tərəflər əsasən humanitar aspektləri müzakirə ediblər və müvəqqəti atəşkəslə humanitar dəhlizlərin birgə təmin edilməsinə dair razılığa gəliblər: “Vətəndaşların evakuasiyası, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin təmin edilməsinə dair razılığa gəlinib”.

Podolyak həmçinin bildirib ki, Kiyev vı Moskva danışıqları davam etdirmək barədə də razılığa gəliblər. "Danışıqların üçüncü raundunun ən qısa zamanda keçirilməsi planlaşdırılır", - Mixail Podolyak qeyd edib.



***
Saat 18.45
Sosial şəbəkələrin rus seqmentində Ukraynaya yeridilmiş Rusiya ordusunun acınacaqlı durumunu əks etdirən kadrlar yayıb. Azmarka.az bildirir ki, bu dəfə kadrların müəllifi elə Rusiya əsgərlərinin özləridir. Onlar düçdüklər duruma üsyan edirlər.

Videokadrlardan görünür ki, hansısa yarıuçuq tikilinin içərisində və həyətində çoxsaylı Rusiya əsgərləri cəmləşib. Onlar 3-4 gündür ac olduqlarını deyirlər.

“3-4 gündür bizi bura “top yemi” kimi atıblar. İndi də hansısa kağıza qol çəkdirmək istəyirlər ki, xidmətdən azad olunuruq. Əvvəlki tarixlə bizi xidmətdən azad etmək istəyirlər, guya heç ümumiyyətlə biz Ukraynada olmamışıq. Özlərini təmizə çıxarmaq üçün. Onlar bizi guya təlimə gətiriblər. Nə meyitləri aparan var, nə yaralıları. İndi gözləyirik ki, nə vaxt bizi sərhədin o tərəfinə aparacaqlar, 3 gündür deyirlər qaytaracaqlar, amma qaytarmırlar. Ayaqlarımız suyun içindədir, bilmirik nə edək, yerdə yatırıq, suyun, palçığın içində. Onlar isə budur, hansısa kağıza qol çəkdirmək istəyirlər ki, xidmətdən azad olunur. Bu da Rusiya ordusu”, - videonu çəkən əsgər deyir.



Ən diqqətçən isə odur ki, yaxınlıqdakılar onun dediklərini təsdiqləyir...



***
3 mart, 11.05
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı Rusiya ilə müharibənin 8-ci günündə operativ vəziyyətə dair məlumat yayıb. Məlumatda deyilir ki, Volınsk istiqamətində düşmən dövlət sərhədi boyu nümayişkarənə manevrlərini davam etdirir. Polesye istiqamətində Rusiya ordusu Kozaroviçi, Vışqorod, Fastov, Obuxov yaşayış məntəqələri rayonunda hücum əməliyyatları keçirir. Borodyanka, Katyujanka və Qovornişnı rayonlarında səhra logistika mərkəzləri qurulur.

Şimal istiqamətində Rusiya ordusu Çerniqov, Nejin, Sum, Lebedine və Axtırka yaşayış məntəqələrini ələ keçirmək cəhdlərinin boşa çıxmasından sonra Ukrayna ordusu ilə birbaşa toqquşmadan yayınır və Kiyevin şimal ətraflarına çatmağa çalışır.

Düşmən hissələri və bölmələri Barışevka, Novaya Basan, Lyubeç rayonları istiqamətində cəmləşdirilib. Rusiya ordusunun hissələri yenidən qruplaşma həyata keçirir və Brovarı, Kiyev istiqamətində hücuma cəhd edir.

Slobajansk istiqamətində düşmən Zoloçev, Xarkov, Balakleya istiqamətində hücum edir, Lozovoy istiqamətində hücuma cəhd göstərir, ancaq şəxsi heyət və texnika sarıdan fəlakətli miqyasda itkiləri var.

Donetsk istiqamətində Rusiya qoşunları artilleriyanın dəstəyi ilə Novıy Aydar, Volnovaxa və Mariupol istiqamətində hücum fəaliyyətlərini davam etdirir. Lakin Mariupolu ələ keçirmək, beləliklə də Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çıxmaq məqsədinə hələ çata bilməyib.

Tavriya istiqamətində Rusiya ordusu hücum cəhdlərindən əl çəkmir, əsas səylərini Nikolayev-Voznesensk istiqamətinə yönəldib. Qara dəniz zonasında Rusiya donanmasının gəmiləri mülki gəmilərə atəş açır və dənizçiləri əsir götürür. Habelə dörd iri desant gəmisi üç raket katerinin müşaiyəti ilə Odessa istiqamətində hərəkət edir.



***
Saat 21.25
Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç bu gün keçirdiyi brifinqdə bildirib ki, ukraynalıların müqaviməti nəticəsində Rusiya hərbçiləri arasında demoralizasiya səviyyəsi artır.

"Düşmən kütləvi şəkildə silahlarını atır, təslim olur və ya Belarus, Rusiya sərhədlərinə doğru qaçır. Ukrayna hərbi rəhbərliiyi isə işğalçılara qarşı müqaviməti uğurla davam etdirir", - deyə o vurğualyıb.





Aretoviçin sözlərinə görə, ruslar hətta hərbi məktəblərin kursantlarını döyüşə atırlar: "Xüsusilə, bu cür məlumat ikinci kurs kursantlarının Ukrayna ilə müharibəyə atıldığı Serpuxov hərbi məktəbindən gəlir. Bu isə hərbi komandanlıq nöqteyi-nəzərindən fəlakət deməkdir. Çünki kursantlara adətən son ana qədər toxunulmur, hərbi əməliyyatlara cəlb edilmir. Belarus ordusunu cəlb etmək cəhdlərini də buna aid etmək olar. Amma hələlik bu barədə rəsmi məlumat yoxdur. Belarus ordusunun Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirakı barədə siqnallar gəlir”.



Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin martın 2-də açıqladığı məlumata görə, işğalçıların itkiləri 5840 nəfərdən çoxdur. Həmçinin Rusiyanın 211 tank, 862 ədəd zirehli döyüş maşını da sıradan çıxarılıb.

***
Saat 20.30
Xəbər verildiyi kimi Ukraynanın Təhlükəsizlik Xidməti ötən gün prezident Volodimir Zelenskini öldürmək üçün Kiyevə göndərilən “kadırovçuların” məhv edildiyini rəsmən açıqlayıb.

Azmarka.az-ın məıumatına görə, Təhlükəsizlik Xidməti bildirib ki, “kadırovçuların” Zelenskini öldürmək üçün göndərildiyini onlara Rusiya Federal Təhlükəsizlik Xidmətindəki mənbə sızdırıb, həmin mənbə müharibəyə qarşı olub. Əldə edilən informasiya nəticəsində “kadırovçuların” Ukraynaya soxulmasından etibarən onların hərəkəti izlənilib və fevralın 26-da Kiyev ətrafındakı Hostomel şəhəri yaxınlığında onların hərbi kalonuna sarsıdıcı zərbələr endirilib. Nəticədə “Kadırov polku” kimi tanınan və “Rosqvardiya”nın Çeçenistanda yerləşən 141-ci polkunun komandiri, Ramzan Kadırovun ən yaxın adamlarından olan general Maqomed Tuşayev də daxil olmaqla çoxsaylı “kadırovçular” məhv edilib. “Kadırovçuların” qalanı isə fevralın 27-də Kiyev ətrafındakı Buça şəhərində məhv edilib.

“Ukrayna həqiqəti” nəşri xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən bu əməliyyatın detallarını açıqlayıb. Nəşrin yazdığına görə, prezident Zelenskini və Ukrayna rəhbərliyini məhv etmək tapşırığı prezident Putin tərəfindən Ramzan Kadırovun qarşısında fevralın 3-də qoyulub. (Həmin gün Kreml Putinin Kadırovu qəbul etdiyini bildirib, - red.)

Ukrayna rəhbərliyini öldürmək üçün hazırlanan qruplaşmaya Kadırovun köməkçisi Daniil Martınov rəhbərlik edirdi. Nəşr Martınovun bu əməliyyata hazırlıqla bağlı Kadırovla telefon danışıqlarını da yayıb. Həmin telefon danışıqlarında Martınov Kadırova əməliyyata hazırlığın gedişini müzakirə edir, ona hər şeyin qaydasında olduğunu bildirir.

Daniil Martınov:

- Hörmətli Ramzan Kadıroviç, əziz “şef”, əssalamun-əleyküm, axşamınız xeyir. Şef, Allaha şükür, bizdə hər şey qaydasındadır, heç bir “çp” yoxdur, bütün məsələləri müzakirə etdik, detalları ölçüb-biçdik, bütün xüsusi təyinatlı bölmələrlə, o cümlədən Müdafiə Nazirliyi və Xüsusi Əməliyyatlar Qüvvələri (Rusiyanın,-red.) ilə, hansılarkı bilavasitə onlarla işləyəcəyik, qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik. O tərəfdə (Ukraynada,-red.) hərəkət edəcəyimiz marşrutu və bilavasitə şəhərdə (Kiyevdə,-red.) necə hərəkət edəcəyimizi müəyyənləşdirdik. Şef, bütün planlar tərtib edilib, xəritələri, sxemləri hazırlamışıq. Uşaqlar hər şeyi öyrəniblər, Hüseyn və Maqomed (Tuşayev,-red.) onlara bütün vəzifələrini elan ediblər. Bizdə, şef, hər şey qaydasındadır, növbəti plan belədir ki, şef, biz bu gecə Moskvaya gedirik, sabah Smolenskə uçacağıq, orada bizim əsas qruplaşmamız yerləşir, “Rosqvardiya”. Məhz bu vəzifə ilə bağlı. Orada biz şəhərə daxil olmaq və orada işləməklə bağlı bütün planlarımızı müzakirə edəcəyik, bütün sənədləri imzalayacağıq. Və oradan Bryanskdakı uşaqların yanına hərəkət edəcəyik. Orada onların tapşırıqlarını verəcəyik, bilavasitə hazırlıq işlərini görəcəyik, texnikanı və təchizatı hazırlamağı tapşıracağıq. Şef, sizin qarşıya qoyduğunuz istənilən vəzifəni, istənilən əmrinizi yerinə yetirməyə hazırıq, bizdə hər şey qaydasındadır, şef, sizi məyus etmərik. Əhməd qüvvədir! (“kadırovçular”ın şüarı, - red.)

Yarıyuxulu olduğu hiss edilən Ramzan Kadırov:

- Salam, qardaş. Dediklərini eşitdik. Sizlər üçün dua edirik (əsnəyir, - red.), hər şey yaxşı olacaq, inşallah.

Daniil Martınov: (növbəti zəng)

- Ramzan Əhmədoviç, əziz böyük qardaş, əssalamun-əleyküm, hər vaxtınız xeyir olsun. Şef, Allaha şükür, bizdə hər şey qaydasındadır. Hər hansı gözlənilməz hadisə yoxdur, şef, elə indicə Smolenskdə hazırlıqları başa çatdırdıq. Elə indi yekun məruzəni etmək üçün getdim, orada bütün məqamları danışdım, hansı ki, sərhədi keçəndən sonra bizi gözləyə bilər. Şef, orada bizim edəcəyimizi tam şəkildə rəhbərlik dəstəkləyir, bu gün mən izah etdim, bölmələrin tərkibində necə hərəkət edəcəyik, bizim xüsusi təyinatlı bölmələrimiz hücumu dəf etmək üçün necə hərəkət edəcək, pusquya düşsək nə edəcəyik, hamısını ölçüb-biçdik. Hərəkət marşrutu barədə. Bu haqda da bütün planlar hazırdır. Mən ayrıca olaraq şəhərdə (Kiyevdə) necə hərəkət edəcəyimizi də blok halında müzakirə etdim, yəni haranı bloklayacağıq, hansı binalara girəcəyik. Nəyi nəzarət altına götürəcəyik, kimlərlə qarşılıqlı əlaqədə hərəkət edəcəyik, bütün bunların hamısı hazırdır. Şef, Hüseyn və Maqomed 200 faiz qarşıya qoyulan vəzifəyə yükləniblər, onlar hər şeyi bütün detalları ilə bilirlər, öyrəniblər. Biz təbii ki, bir komanda kimi işləyirik, heç kimdə heç bir çətinlik olmamalıdır. Şef, indi əşyaları yığırıq, bütün sxemləri, xəritələri, planları özümüzlə götürəcəyik. Və bizim bölmələrlə birlikdə Bryanska gedirik.

Ramzan Kadırov:

- Çox yaxşı, planlaşdırılanın hamısını eləmisiniz...

Daniil Martınov (bu dəfə Bryanskdan zəng vurur)

- Hörmətli Ramzan Kadıroviç, əziz “şef”, əssalamun-əleyküm, biz Bryanska gəlib çatdıq. Şef, mən indi buradan təcili Moskvaya getməliyəm, orada bizim üçün təmiz Ukrayna sim-kartları hazırlayıblar. Hər ehtimala qarşı. Və xüsusi peyk modemləri. Əgər orada bizim rabitəni bloklasalar əlaqə saxlamaq üçün. Şef, sabah səhər tezdən gedib onları götürüb dərhal geri qayıtmağa hazırlaşıram. Bu gün biz, şef, əsas qüvvələrimizi daha münasib, daha strateji əraziyə çıxardacağıq ki, yekun həmlə edək. Hər şey qaydasında keçdi, əlbəttə, bugünkü kalon çox güclü idi. Bizimlə birlikdə digər qüvvələr də hərəkətə keçdi, 500-dən çox zirehli texnika.

Ramzan Kadırov:

- Salam, Daniil, şükür Allaha ki, normal gedib çıxmısınız. Allah eləsin tikinti və inşaat uğurla başa çatsın.

Daha sonra “kadırovçuların” kalonunun Ukraynaya doğru necə hərəkətə keçdiyinə dair kadrlar yer alır. Kadr arxasından danışan şəxsin dediklərindən məlum olur ki, kalonda 250 vahiddən çox texnika və 1500-dən çox şəxsi heyət var. Bura həm də Rusiya xüsusi təyinatlı qüvvələri daxildir. Onlar “Tiqr” zirehli maşınlarında, BTR-lərdə, “Kamaz”larda və digər texnikada hərəkət edirlər.

Lakin fevralın 26-da Kiyev ətrafındakı Hostomel şəhərinin yaxınlığında “kadırovçuların” və onlarla birlikdə Zelenskini öldürmək, Kiyevdə hakimiyyəti ələ keçirmək üçün göndərilən digər xüsusi təyinatlıların kalonu havadan və qurudan şiddətli zərbələrlə məhv edilib. Və həmin Maqomed də artıq sağ deyil... (virtualaz.org)



***
2 mart, saat 11.05
Rus hərbçiləri öz texnikalarını Xarkov vilayətində tərk edib gediblər.

Azmarka.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Bildirilib ki, ruslar mənəvi cəhətdən qırılıb, onlar tez-tez ya ukraynalı hərbçilərə təslim olurlar, ya da texnikalarını atıb piyada getməyə çalışırlar.

Rus texnikalarının görüntülərini paylaşan media qurumları onların Xarkov vilayətinin Bezruki kəndində tərk edildiklərini qeyd ediblər. /publika.az







***
Saat 20.20
Xarkovda yaşayış binasına endirilən aviazərbə 8 nəfərin həyatına son qoyub, daha 6 nəfər yaralanıb.

Azmarka.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Yaşayış binasından 38 nəfər xilas edilib, onlardan ikisi dağıntılar altından çıxarılıb.

Fövqəladə Hallar Dövlət Xidmətinin əməkdaşları hava hücumu yerində axtarış-xilasetmə işləri aparır.

Bundan əvvəl Xarkovdakı Svoboda meydanına raket hücumu olub, nəticədə Xarkov Vilayət Dövlət Administrasiyasının və qonşu binaların bütün şüşələri sındırılıb. 7 nəfər ölüb, 24 nəfər xəsarət alıb, onlardan 11-i xəstəxanaya yerləşdirilib.



***
Saat 15.30
"Ukraynanın paytaxtı Kiyevdə vəziyyət gərgin olaraq qalır. Rusiya işğalçıları bütün Ukraynada mülki infrastrukturları məhv edir, raket zərbələri endirirlər". Azmarka.az yerli mediaya istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində məlumat yayılıb.

"Rusiyanın hərbi-texniki karvanı paytaxt ətrafında xaotik hərəkət edir. Müdafiə qüvvələri Kiyevin müdafiəsi üzrə tapşırıqları yerinə yetirirlər. Rusiya hərbçiləri texnikaları buraxıb. "NLAW", "FGM-148 Javelin" və "Bayraktar" havadan daha çox atəşə tutublar", - Ukrayna Quru Qoşunları komandanı, Kiyevin müdafiəsi komandanı general-polkovnik Aleksandr Sırski bildirib.



***
1 mart, 00.30

Rusiya Ukraynaya qarşı başlatdığı işğal əməliyyatının ilk günündən paytaxtı hədəfə alsa da, müharibənin 5-ci günündə hələ də Kiyevi ələ keçirə bilməyib.

Azmarka.az xarici KİV-ə istinadən bildirir ki, beynəlxalq media bir çox ekspertə istinadən yazmışdı ki, Kiyevin işğalı 72 saat çəkər.

Lakin rusların işğal əməliyyatının 5-ci günündə Kiyev, eləcə də ölkənin digər əsas şəhərləri Ukraynanın nəzarətindədir.

Ötən bazar ertəsi səhəri şəhərdə həyəcan siqnalı verilərək Kiyevin atəşə tutulacağı barədə xəbərdarlıq olunsa da, hələlik yeni hücum qeydə alınmayıb. Hazırda Kiyevdə iki gündür ki, tətbiq olunan komendant saatı ləğv edilib.



Lakin gecə saatlarında Ukraynanın Xüsusi Əlaqələr üzrə Dövlət Xidmətinin Teleqram kanalı xəbər verib ki, Kiyev və Xarkovda bir neçə saatlıq sakitlikdən sonra yenidən partlayış səsləri gəlməyə başlayıb. Bununla belə, məsələ ilə bağlı ətraflı məlumat yoxdur.

Ukrayna tərəfinin məlumatına görə, Sumidə bütün gecə döyüşlər davam edib və Ukrayna ordusu şəhərə yenidən nəzarət edir.

Ölkənin şimal-şərqində yerləşən Çerniqov şəhəri gecə ərzində rus qoşunlarının güclü atəşi ilə üzləşsə də, şəhər Ukraynanın nəzarətindədir.

Rusiya Müdafiə Nazirliyinin dünən yaydığı açıqlamada bildirilir ki, rus ordusu bütün Ukrayna üzərində hava üstünlüyünü əldə edib.

"Rus hərbçiləri Zaporojye Atom Elekstrik Stansiyası (AES) ətrafındakı əraziyə nəzarəti ələ keçirib (AES personalı xidmət obyektlərində işləməyə davam edir, radiasiya fonu normaldır). Rus bölmələri Berdyansk və Enerqodar şəhərlərini nəzarətə götürüb", - qurumun məlumatında bildirilib.

Ukrayna yetkililəri bunu təkzib edib. Dövlətə aid nüvə şirkəti olan Energoatom İnterfax-a bu iddianın "saxta xəbər" olduğunu açıqlayıb.



***
Sat 22.00

Pripyatda danışıqların ardınca Rusiya ordusu “İsgəndər” raketi ilə Kiyevə zərbə endirib.

Azmarka.az-ın məlumatına görə, Ukrayna KİV-ləri xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.



"Putin rejiminin daha bir cinayəti. Kiyevə "İsgəndər" ballistik raketi ilə zərbə. Zərbənin yeri və qurbanların sayı müəyyənləşdirilir", - o yazıb.




Azmarka.az


***
Saat 18.05
Bu gün Ukraynanın Xarkov vilayətində hərbçilərin xüsusi əməliyyatı keçirilib.

Azmarka.az xəbər verir ki, Xarkov vilayətinin Yujnı şəhərinin meri Aleksandr Bryuxanov və onun müavini, yerli polis şöbəsinin rəisi və ərazi inspektoru düşmənlə danışıqlara görə “vətənə xəyanət” maddəsi ilə saxlanılıblar.

Bu barədə Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

“Bu, hələ də müharibə apardığımızı anlamayan və düşmənlə danışıq aparmağa imkan verənlərin başa düşməsi üçündür! Torpağımızın bir santimetrini də düşmənə verməyəcəyik”, - deyə Sinequbov bildirib.



Bundan əvvəl Kupyanskın (Xarkov vilayətində adi şəhər - red.) meri Qennadi Matseqora bildirib ki, şəhər hazırda rus işğalçılarının nəzarəti altındadır. Rusiya hərbçiləri guya “asayişi təmin etmək və sakinləri sakitləşdirmək” üçün şəhərə daxil olacaqlarını bildiriblər.

Xarkov Vilayət Prokurorluğu dövlətə xəyanət faktı üzrə Kupyansk merinə qarşı ibtidai istintaq başlayıb.



***
28 fevral, saat 12.15
Fevralın 24-dən bu yana Ukraynada 5300-ə yaxın rus əsgəri ölüb.

Azmarka.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar məlumat yayıb.

O bildirib ki, müharibə başlayandan bu günə kimi ruslara aid 29 təyyarə, 29 helikopter, 191 tank, 816 zirehli döyüş maşını, 1 ədəd BUK hava hücumundan müdafiə sistemi, 21 ədəd “Qrad”, 291 avtomobil texnikası, 2 PUA, 2 gəmi (qayıq) və 5 hava hücumundan müdafiə sistemi məhv edilib.

“Məlumat dəqiqləşdirilə bilər, çünki döyüşdən sonra onu əldə etmək olduqca çətindir, komandirlər ilk növbədə döyüşün aparılmasına diqqət yetirirlər”, - Malyar bildirib.



***
Saat 20.50

Rusiya qüvvələri Ukraynaya məxsus dünyanın ən böyük təyyarəsini vurub.

Azmarka.az-ın xəbərinə görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

Onun sözlərinə görə, dünyanın ən böyük yükdaşıma təyyarəsi olan Ukraynaya məxsus AN-225 "Mriya" Rusiya qüvvələri tərəfindən vurulub.

Təyyarənin Kiyev yaxınlığında hava limanında vurulduğu bildirilir.



***
Saat 19:50
Ukraynanın “Xalqın xidmətçisi” Partiyasının deputatı Feodor Venislavski yaxın dəqiqələrdə Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların baş tutaсağını istisna etməyib. Azmarka.az-ın məlumatına görə, o, bu barədə Ukrayna kanallarında telemarafon zamanı bildirib.

Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin və Xarici İşlər Nazirliyinin nümayəndələri daxildir.

"Razılıq əldə olunub ki, danışıqlar faktiki olaraq neytral tərəfdə, Ukrayna və Belarus Respublikası arasında Pripyat çayı boyunca yerləşən neytral zonada aparılacaq. Nümayəndə heyəti artıq yola düşüb. Bura səyahət etmək çox az vaxt aparır. Düşünürəm ki, yaxın bir neçə dəqiqə ərzində danışıqlar başlayacaq, bəlkə də, başlayıb”, - Venislavski bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin bütün qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib, bu o deməkdir ki, Rusiya Federasiyasındakı bütün resurslar artıq cəlb olunub, heç bir ehtiyat qalmayıb.

“Və de-fakto son arqumentdən, yəni nüvə silahından istifadə variantı ola bilsə, bu o deməkdir ki, Rusiya Federasiyasında vəziyyət artıq çox ciddi qəbul edilir”, - deputat vurğulayıb.

Danışıqların hər an başlaya biləcəyini və bu danışıqlarda Ukraynanı kimin təmsil etdiyini aydınlaşdıran Venislavski bildirib ki, onlar Prezident Ofisinin və Xarici İşlər Nazirliyinin nümayəndələridir.

“Onlar getdilər... Yaxın vaxtlarda ilk razılaşmalar olan kimi sizin müvafiq rəsmi mövqe, Prezident Ofisindən açıqlama olacaq”, - deputat bildirib.



***
Saat 13.15

Ukrayna Silahlı Qüvvələri Kiyev şəhəri daxilində qeyri-müntəzəm Rusiya hərbçiləri ilə mübarizəni ardıcıl ikinci gecədə davam etdirib.

Azmarka.az xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, Kiyev daxilində döyüşlər əvvəlki gecə ilə müqayisədə daha az intensiv olub. Qeyd olunub ki, Çerniqovda güclü müqavimətlə üzləşən Rusiya qoşunları Kiyevin mühasirəsi və təcrid edilməsini prioritet seçərək ərazidən yan keçirlər.

Əlavə olunub ki, Xarkovda gecə boyunca qarşılıqlı və intensiv raket zərbələrinin ardınca Rusiya və Ukrayna qüvvələri arasında ağır döyüşlər gedib.

“Rusiya qüvvələri müxtəlif cinahlardan Ukraynaya hücumu davam etdirirlər, lakin Ukrayna Silahlı Qüvvələrinin sərt müqaviməti ilə üzləşməyə davam edirlər”, - deyə məlumatda qeyd olunub.



***
Saat 11.30
“Varşava, İstanbul, Bakı - biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik. Və raketlərin Ukraynaya uçmadığı hər hansı digər şəhər”.

Azmarka.az xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski bildirib ki, Kiyev Rusiya ilə sülh və danışıqlar istəyir.

Ukrayna lideri belaruslulara müraciət edərək, ölkənin yenidən mehriban və təhlükəsiz olmasını arzulayıb.

Ukrayna Prezidenti Belarusda danışıqlara başlamaq təklifindən xəbərdar olduğunu bildirib. Zelenskinin sözlərinə görə, Kiyev onun tərəfində hərbi əməliyyatlar olmasaydı, Belarusda danışıqlara razı olardı.

Zelenski bildirib ki, başqa şəhərlər danışıqlar üçün platforma ola bilər, lakin Belarusda deyil.




***
27 fevral, saat 09.20
Rus ordusu Kiyev vilayətinin Vasilkov şəhərindəki neft anbarını vurub.

Azmarka.azxəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Şahidlər hadisə yerindən videogörüntüləri internetdə yayımlayıblar. Videolardan aydın olur ki, yanğının miqyası qlobaldır və hələ də davam edir.

Daha sonra şəhərin meri Natalya Balasinoviç işğalçıların neft anbarına hücum etdiyini təsdiqləyib.

"Hörmətli Vasilkov icması. Siz baş verən hər şeyi görürsünüz. Yanğını görürsünüz. Təəssüf ki, Kryuçkidəki neft anbarı yanır", - Natalya Balasinoviç deyib.

"Vasilkovda yanğından çıxan tüstü və zərərli maddələr istənilən istiqamətə gedə bilər, külək daim istiqamətini dəyişir. Pəncərələri bağlayın", - müraciətdə deyilir.

Rusiya hərbçiləri Xarkovda qaz kəmərini partladıblar. Bu barədə isə Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidməti məlumat yayıb.

"Xarkovda işğalçılar qaz kəmərini partladıblar. Biz dezinformasiyaya qarşı xəbərdarlıq edirik: bu, nüvə zərbəsi deyil, baxmayaraq ki, partlayış vizual olaraq belə görünür", - məlumatda deyilir.




***


23.00

Ukraynanın Xarkov şəhərində Milli Qvardiya hərbi hissələrdən birinin ərazisinə daxil olmağa çalışan Rusiyanın kəşfiyyat qrupunu ələ keçirib. Azmarka.az bildirir ki, bu barədə Milli Qvardiyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, onların əllərində atıcı silahlar, snayper tüfəngləri, havadan atəş açmaq üçün pilotsuz təyyarələr, əl və tüstü qumbaraları, patronlar, taktiki avadanlıqlar, pul və sənədlər olub.

Kəşfiyyatçılarda o cümlədən Rusiyanın Voloqda vilayətinin Rusiya Qvardiyasının “Vımpel” OMON-unun “Sənəd - 2022” əməliyyat-strateji təlimlərində iştirak edən şəxsi heyətinin siyahısı olub.



***
Saat 19.00
Ukrayna Hərbi Hava Qüvvələri hər saat Rusiyanın qoşunlarına itkilər yaşadır.

Azmarka.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin komandanı general Nikolay Oleşçuk orduya və Ukrayna xalqına müraciətində bildirib.

Oleşuk deyib ki, rus ordusu Ukrayna torpaqlarında işğalçı müharibə aparır. Onun sözlərinə görə, Silahlı Qüvvələrə və mülki şəxslərə qarşı uzaqmənzilli ballistik raketlər, əməliyyat-taktiki komplekslər və operativ-taktiki təyyarələrdən istifadə olunur.

“Rusiyanın irimiqyaslı hücumunun ilk dəqiqələrindən işğalçı qüvvələr ilk olaraq Ukrayna Hərbi Hava Qüvvələrini hədəfə aldı. Çünki düşmənin əsas məqsədi dövlətin hava hücumundan müdafiə sistemlərinin obyektlərini məhv etmək idi. Bununla belə, müqavimət göstərdik, düşmənin zərbələrinə tab gətirdik. Hava hücumundan müdafiə qüvvələrimiz əsl hərbi şücaət nümayiş etdirir, düşmənin müasir təyyarə və helikopterlərini məhv edir, səmada qanadlı raketləri vurur. Bunlar onlarla, yüzlərlə insanın həyatını xilas edir. Hərbi Hava Qüvvələri hər saat düşmənə ağır itkilər yaşadır”, - Oleşçuk bildirib.

Ukrayna Silahlı Qüvvələrinin komandanı bildirib ki, hava döyüşlərində Rusiya hücumunun ilk günündə iki “Su-30SM” qırıcısını itirib. O qeyd edib ki, onlar Ukraynanın “Su-27” pilotları tərəfindən məharətlə məhv edilib.

Oleşuk Ukrayna bombardmançılarının Qostomeldə strateji nöqtələri ələ keçirməyə çalışan Rusiya desantına davamlı olaraq güclü raket və bomba zərbələri endirdiyini bildirib. Həmçinin o, əlavə edib ki, gecə ərzində düşmənin çox sayda döyüş təyyarəsi, PUA-ları, qanadlı raketləri və canlı qüvvəsi məhv edilib.

Genaral vurğulayıb ki, Hərbi Hava Qüvvələri döyüş əməliyyatlarını davam etdirir, düşmənin hava zərbələrini fədakarlıqla dəf edir və daimi hava kəşfiyyatı aparır. Əvvəllər ordudan tərxis olunmuş kapitandan generala qədər onlarla təcrübəli hərbi pilot yenidən hərbi hava qüvvələrinə qayıdır.

Ümumilikdə müharibənin iki günü ərzində Rusiya işğalçı qüvvələri müxtəlif təyinatlı 14 təyyarə, 8 helikopter, 102 tank, 536 zirehli döyüş maşını, 15 artilleriyası, 1 BUK sistemi, onlarla PUA-sını itirib.

General söyləyib ki, Ukrayna hərbçiləri qələbəyə, missiyanın müqəddəsliyinə və Ukrayna xalqına inamla öz vətənlərini rus təcavüzkarından azad edəcəklər.



***
26 fevral, saat, 12.05
Kiyev küçələrində döyüşlərin getdiyi deyilir.

Azmarka.az-ın məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Facebook hesabında bildirilib ki, şəhərin Vasilkov ərazisində "ağır döyüşlər davam edir".

Kiyev hökuməti də daha əvvəl verdiyi bəyanatda döyüşlərin baş verdiyini təsdiqləyib və sakinlərə sığınacaqlarda qalmaq, pəncərələrə və eyvanlara yaxınlaşmamaq barədə xəbərdarlıq edib.

Kiyevli jurnalistlərin sosial şəbəkələrdə yaydıqları xəbərlər də onu deməyə əsas verir ki, həqiqətən də küçələrdə döyüşlər başlayıb. Bir çoxları şəhərin mərkəzinə daha yaxın olan atəş səslərindən bəhs edir.

Bu arada Ukrayna Silahlı Qüvvələrinin komandanlığı əlavə edib ki, onun qoşunları gün ərzində bir sıra Rusiya "düşmən hədəflərini" vurub, həmçinin Rusiya qoşunlarının Ukraynanın hər hansı şəhərini tutmasının qarşısını alıb.

Ukrayna Rusiyanın 3500-dən çox hərbçisinin öldüyünü, 200-ə yaxın əsgərin əsir götürüldüyünü açıqlayıb.

Ukrayna hərbi rəhbərliyi bildirib ki, Rusiya indiyə kimi 14 təyyarə, 8 helikopter və 102 tank itirib.

O da maraqlıdır ki, Rusiya indiyə kimi itkiləri ilə bağlı məlumat paylaşmayıb.

Bu arada Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü səhər saatlarında sosial media hesabında Prezident adminstrasiyasının qarşısından video yayaraq Kiyevdə olduğunu və paytaxtın müdafiəsinə şəxsən rəhbərlik etdiyini deyib.



***

Saat 21.25

Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkələrdəki hesabından müraciət yayımlayıb.

Azmarka.az
-ın məlumatına görə, Zelenski özünün, baş nazirin, nazirlərin və digər hökumət nümayəndələrinin Ukraynada olduğunu, öz ölkələrini qorumağa davam etdiklərini bildirib.

Zelenski başqa bir paylaşımında isə İsveçin Ukraynaya hərbi, texniki və humanitar yardım göstərdiyini bildirib. "Təsirli dəstəyi üçün İsveç parlamentinə minnətdarıq. Birlikdə Putinə qarşı koalisyon qurmağa doğru gedirik" - deyə Ukrayna lideri əlavə edib.




***
Saat 14.55
Rusiya ordusu artıq Kiyevin şimal rayonlarındadır. Azmarka.az bildirir ki, bunu Ukrayna hökuməti bəyan edib.

Ukrayna ordusu Kiyev, Dimer və İvankov şəhərlərinin kənarında Ukrayna və Rusiya orduları arasında şiddətli toqquşmaların davam etdiyini açıqlayıb.

Ukrayna Silahlı Qüvvələri rəsmi Facebook hesabındakı paylaşımında Rusiya tanklarının şəhərin şimal-qərbindəki məhəllələrə çatdığını açıqlayıb. Məlumatda, həmçinin bildirilir ki, Ukrayna ordusu rus qoşunlarının irəliləməsini əngəlləmək üçün Teteriv çayı üzərindəki körpünü dağıdıb.

Ukrayna Müdafiə Nazirliyi rus ordusuna məxsus tankların şəhərin şimalındakı Obolon məhəlləsinə daxil olduğunu açıqlayıb və əlində silah olan hər kəsi yaşından asılı olmayaraq orduya çağırıb.



***
Saat 10.35
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı atəşi dayandırmaq üçün danışıqlara çağırıb.

Azmarka.az xəbər verir ki, V. Zelenski müraciətində bildirib ki, Rusiya gec, ya tez, onsuz da danışıqlar aparacaq: “Rusiya hərbi əməliyyatların dayandırılması və təcavüzü dayandırmaq üçün onsuz da bizimlə danışacaq. Bu danışıqlar nə qədər tez başlasa, Rusiyanın özünün itkiləri bir o qədər az olacaq”.

V. Zelenski bundan əvvəl Ukraynanın neytral statusu və təhlükəsizlik təminatı ilə bağlı Rusiya ilə danışıqlar aparmaqdan çəkinmədiyini bildirib.

O, həmçinin, qeyd edib ki, qərbli tərəfdaşları Ukraynanın təhlükəsizliyinə təminat vermir və onu NATO-ya qəbul etmək istəmir.



***
Saat 09.30
Bu gün səhər tezdən Kiyevdə partlayış səsləri eşidilib və paytaxt səmasında bir təyyarənin vurulması barədə xəbərlər yayılıb.

Azmarka.az xarici KİV-ə istinadən bildirir ki, paytaxtda ən azı bir yaşayış binasına ciddi ziyan dəyib - üç nəfərin yaralandığı bildirilir. Rəsmi məlumata görə, ötən gün baş verən hücumda əsgərlər və mülki şəxslər birgə 137 Ukrayna vətəndaşı həlak olub.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski "təxribatçıların" paytaxta daxil olduğunu bildirib.

Zelenski deyib ki, bütün ölkə üzrə cəbhə xəttində gedən döyüşləri izləyir. Onun sözlərinə görə, ən ağır döyüşlər ölkənin şərqində Xarkov şəhəri ətrafında, şimalda və cənubundakı Qara dənizin sahilindəki Odessa şəhəri ətrafında gedir.

Ukraynanın şimalındakı radioaktiv Çernobıl atom elektrik stansiyasının Rusiya qüvvələrinin nəzarətinə keçdiyi bildirilib. ABŞ elan edib ki, həmin ərazidə Ukrayna əsgərləri girov saxlanılır.

Minlərlə ukraynalı cəbhə bölgəsindəki şəhərləri tərk edərək qərbə daha sakit ərazilərə üz tutur və bir çoxu hətta Polşa və Rumıniya sərhədlərində təhlükəsiz yer axtarışındadır.

Lakin ukraynalıların əksəriyyəti bunkerlərdə və yeraltı metro stansiyalarına sığınıblar. Ölkədə əli silah tutan bütün vətəndaşlar üçün ümumi səfərbərlik elan edilib.



***
25 fevral, saat 08.30

"Bizdə olan məlumata görə, birinci növbədə mən, daha sonra ailəm hədəfə alınıb". Azmarka.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.

Müraciətdə deyilir: "Hörmətli vətəndaşlar, siz ölkəni dünyanın ən güclü dövlətlərindən birinə qarşı parlaq şəkildə müdafiə edirsiniz. Rusiya bütün Ukrayna ərazisinə hücum edib. Bununla belə müdafiəçilərimiz çox iş görüblər.

İlkin məlumatlara görə, bu gün 137 qəhrəmanımızı - vətəndaşlarımızı itirmişik. Ukrayna uğrunda canlarından keçənlərin əbədi xatirəsini əziz tutmaq üçün onlara Milli Qəhrəman adı veriləcək.

İndi insanları xilas edən və asayişin qorunmasına kömək edən hər kəsə minnətdaram.

Bilirəm ki, çoxlu saxta məlumatlar var. Onlardan biri də guya mənim Kiyevi tərk etməyimdir. Paytaxtdayam. Gün ərzində onlarla beynəlxalq danışıqlar aparıb müdafiəyə birbaşa rəhbərlik edirəm. Ailəm də Ukraynadadır.

Bizdə olan məlumata görə, birinci növbədə mən, daha sonra ailəm hədəfə alınıb. Onlar dövlət başçısını məhv etməklə Ukraynanı siyasi cəhətdən məhv etmək istəyirlər. Diversiya qruplarının Kiyevə daxil olması barədə də məlumatımız var. Ona görə də mən kiyevlilərdən xahiş edirəm: diqqətli olun, komendant saatı qaydalarına əməl edin.

Dünyanın bir çox ölkəsi bizə dəstək verir. Mən Ukraynaya xüsusi yardım edən hər bir dövlətə minnətdaram.

Amma ikinci bir şey də var - dövlətimizin müdafiəsində biz tək qalmışıq. Kim bizimlə birgə döyüşməyə hazırdır? Mən bunu görmürəm. Bizə NATO-ya daxil olmaq üçün zəmanət verməyə kim hazırdır? Hamı qorxur.

Mən dövlətimizin bütün tərəfdaşlarına deyirəm: indi Ukraynanın taleyi həll olunur. Bizimləsinizmi?

Bu işğalın sonu haqqında danışmaq lazımdır. İndi ölkənin taleyi bütünlüklə ordumuzdan, təhlükəsizlik qüvvələrimizdən, bütün müdafiəçilərimizdən asılıdır”.


***

Saat 21.30

Rusiya hərbçiləri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçiriblər.

Azmarka.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müşaviri Alena Şevtsova feysbuk səhifəsində məlumat verib.

"Ruslar Çernobıl stansiyasını ələ keçiriblər. Stansiyanın əməkdaşları girov saxlanılır. Bu, təkcə Ukraynanın deyil, həm də Avropanın təhlükəsizliyini təhdid edir", - Şevtsova bildirib.



***

Saat 20.36


“Ukrayna Ordusu Donbasda əla döyüşür. Onlar hücumlarını dayandırmışıq”. Azmarka.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib.

“Donabsda Silahlı Qüvvələrimiz əla döyüşür. Xarkovda vəziyyət çox çətindir. Şəhəri qoruyacaq qüvvələr çalışır. Onlar etibarlıdır”.

Zelenski ən ağır vəziyyətin ölkənin cənubunda yarandığını qeyd edib. O, Rusiya Ordusunun Melitopol şəhərinə çıxmağa çalışdığını deyib.



***

Saat 19.29

"Rusiya hərbi qüvvələri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirməyə çalışır".

Azmarka.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviterdə yazıb.

"Müdafiəçilərimiz 1986-cı il faciəsinin bir daha təkrarlanmaması üçün əlindən gələni edir. Bu, bütün Avropaya müharibə elanıdır", - Zelenski qeyd edib.

Russian occupation forces are trying to seize the #Chornobyl_NPP. Our defenders are giving their lives so that the tragedy of 1986 will not be repeated. Reported this to @SwedishPM. This is a declaration of war against the whole of Europe.

***
18.30
Ukrayna Ordusu Sumı vilayəti istiqamətində Rusiyaya məxsus 15 tankı məhv edib.

Azmarka.az xəbər verir ki, bu barədə Radanın milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin sədr müavini Maryana Bezuqlaya açıqlama verib.

O, tankların Javelin tank əleyhinə raket sistemləri vasitəsilə vurulduğunu açıqlayıb.


***
16.35
“Ukraynanın müdafiə naziri Aleksey Reznikov ölkəsinin müdafiəsinə qoşulmaq istəyən hər kəsə silah veriləcəyini bəyan edib.

Azmarka.az-ın məlumatına görə, o bildirib ki, silahlar bu gün bütün veteranlara və könüllülərə paylanacaq: “Düşmən hücum edir, amma ordumuz yenilməzdir. Ukrayna total müdafiə rejiminə keçir”.

Reznikov deyib ki, silah tutmağa qadir olan hər kəs yaşadığı regiondakı Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin sıralarına qoşula bilər.

“Silah əldə etmək üçün bilavasitə yaşadığınız ərazidəki Qoşun Qüvvələrinin briqadaları və batalyonları ilə əlaqə saxlamalısınız. Tələb olunan yeganə şey pasportunuzun olmasıdır”, – deyə o əlavə edib.



***
Saat 15.05
Rusiyanın Ukraynaya tamamilə əsassız və dəhşətli hücumunu ən kəskin şəkildə pisləyirik.

Azmarka.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının (NATO) bəyanatında bildirilib. Bəyanatda Belarus da bu hücuma imkan yaratdığına görə qınanıb.

"Bu hücum beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsini ciddi şəkildə pozur və Rusiyanın Helsinki Yekun Aktı, Paris Xartiyası, Budapeşt Memorandumu və NATO-Rusiya Təsis Aktındakı öhdəliklərinə tamamilə ziddir. Bu, müstəqil dinc ölkəyə qarşı təcavüz aktıdır. Biz Ukrayna xalqının və onun qanuni, demokratik yolla seçilmiş prezidentinin, parlamentinin və hökumətinin yanındayıq. Biz həmişə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, o cümlədən ərazi suları daxilində ərazi bütövlüyü və suverenliyinə tam dəstəyimizi davam etdirəcəyik".

Şimali Atlantika Alyansı Rusiyanı hərbi əməliyyatları dərhal dayandırmağa və bütün qüvvələrini Ukrayna və onun ətrafından çıxarmağa, beynəlxalq humanitar hüquqa tam hörmət etməyə, ehtiyacı olan bütün insanlara təhlükəsiz və maneəsiz humanitar çıxış və yardım imkanını verməyə çağırıb. "Biz Rusiyanın Ukraynanın şərqindəki separatçı bölgələrin tanınmasını genişləndirmək qərarını qətiyyətlə pisləyirik. Bu, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozur və Rusiyanın da imzaladığı Minsk razılaşmalarına ziddir. Müttəfiqlər bu qeyri-qanuni tanınmanı heç vaxt qəbul etməyəcək. Biz ən sərt şəkildə Rusiyanı seçdiyi zorakılıq və təcavüz yolundan dönməyə çağırırıq. Rusiya liderləri öz hərəkətlərinin nəticələrinə görə tam məsuliyyət daşımalıdırlar. Rusiya çox ağır iqtisadi və siyasi bədəl ödəyəcək. Böhran dövründə NATO, müttəfiqlər və tərəfdaşlarımız Rusiya ilə, o cümlədən ən yüksək səviyyələrdə diplomatiya və dialoq aparmaq üçün hər cür səy göstərmiş və Avro-Atlantika regionunda bütün xalqların təhlükəsizliyini gücləndirmək üçün çoxlu əsaslı təkliflər irəli sürmüşlər. Biz dəfələrlə Rusiyanı NATO-Rusiya Şurasında danışıqlara dəvət etmişik. Rusiya hələ də qarşılıq verməyib. Eskalasiyanı seçən yalnız və yalnız Rusiyadır. Rusiyanın hərəkətləri Avro-Atlantikanın təhlükəsizliyinə ciddi təhlükə yaradır və onların geostrateji nəticələri olacaq. NATO bütün müttəfiqlərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün bütün lazımi tədbirləri görməyə davam edəcək. Biz Alyansın şərq hissəsinə əlavə müdafiə quru və hava qüvvələri, eləcə də əlavə dəniz qüvvələri yerləşdiririk. Biz bütün gözlənilməz hallara cavab vermək üçün qüvvələrimizin hazırlığını artırmışıq. Bu gün biz Vaşinqton müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq məsləhətləşmələr apardıq. Biz bütün Müttəfiqləri qorumaq üçün müdafiə planımıza uyğun olaraq Alyans daxilində müdafiəni daha da gücləndirmək üçün əlavə addımlar atmağa qərar verdik. Tədbirlərimiz qabaqlayıcı, mütənasib və eskalasiya yaratmayan xarakter daşıyır”.


***
Saat 13.08

“Təcavüzkar aviasiya və tanınma nişanı olmayan hərbi texnika ilə Belarus ərazisindən hücuma cəhd edir”. Azmarka.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 09:40-da Belarus ərazisindən tanınma nişanı olmayan hərbi helikopter yüksələrək atəş açmağa başlayıb.

“Sərhədçilərimiz müdafiəni saxlamağa davam edir”, - məlumatda vurğulanıb.



***
Saat 12.35
Rusiya qoşunları bəzi istiqamətlərdən Ukrayna ərazilərinin içərilərinə doğru təxminən 5 kilometr irəliləyib, lakin Putinin birinci zərbəsi uğursuz olub. Bu haqda Ukrayna prezidentinin Ofisinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə bildirib.

“Əsas zərbələr saat 05.00 radələrində bizim hərbi infrastruktura, aerodromlara, sursat anbarlarına və hərbi komanda mərkəzlərinə endirib. İlkin dəyərləndirmələrimizə görə bu zərbələr uğursuz olub, itkilər var, amma onlar əhəmiyyətli deyil və Ukrayna ordusunun döyüş qabiliyyətinə ciddi təsir göstərməyib”, - Arestoviç deyib.

Onun sözlərinə görə, Xarkov və Çerniqov vilayətlərində, Suma yaxınlığında, Volınsk istiqamətində Rusiya qoşunları 5 kilometr irəliləyib, hələlik məlumatlar dəqiqləşdirilir. Amma düşmənə müqavimət göstərilir və onların irəliləməsi dayanıb.



***

Saat 11.35

"Ukraynaya açıq dəstək verən Qərb və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları daha da sərtləşəcək". Azmarka.az bildirir ki, bunu isə Kiyev Dünya Siyasət İnstitutunun dosenti, politoloq Yevqeni Maqda deyib.

O bildirib ki, Avropa və ABŞ Rusiyanı çətin vəziyyətə salmaq niyyətindədir: "Artıq Qərbin sözügedən instansiyaları Kremlə qarşı, iri rus banklarına qarşı birləşib. Əgər hesablarına həbs qoyulan rus oliqarxlarının siyahısına baxsanız, orada çox ciddi şəxslərin adını görə bilərsiniz.

Artıq bir-iki günün içində sanksiyalar Rusiyaya yüz milyonlarla dollar dəyərində zərər vurub. Bu yalnız başlanğıcdır. Rəsmi Moskva hər şeyin onun planlaşdırdığı kimi getdiyinə əmin olsa da Qərbdən edilən son açıqlamalar deməyə əsas verir ki, daş qayaya rast gəlib.

Rusiyaya qarşı çox ciddi tədbirlər görüləcək və sanksiyalar dalğavari olacaq. Rusiyaya qarşı mübarizədə Qərb və ABŞ güclərini səfərbər edir". /milli.az

***

Saat 10.10

“Ukraynanın paytaxtı Kiyev şəhərindəki strateji obyektlərə qanadlı və ballistik raketlər atılır”. Bunu jurnalist Andrey Tsaplienko Telegram kanalında yazıb.

Azmarka.az-ın məlumatına görə, bundan başqa, Kiyevin Borispol hava limanı yaxınlığında partlayış səsləri eşidilir. Kramatorskda ən azı dörd partlayış, Odessa, Xarkov, Berdyanskda güclü partlayış baş verib.

Şahidlər Kiyevdə artilleriya atəşi və partlayış səsləri barədə Reuters agentliyinə məlumat veriblər.

"The Guardian" qəzetinin Kiyevdəki müxbiri Lyuk Hardinq bildirib ki, Ukrayna aerodromları, hərbi qərargahları və komanda mərkəzləri qanadlı və ballistik raketlərlə vurulur.

Rusiya Müdafiə Nazirliyi Ukraynın bütün hərbi hava hücumundan müdafiə sisteminin sıradan çıxarıldığını iddia edib. Qurum həmçinin Ukrayna sərhəd qüvvələrinin Rusiya qoşunlarına heç bir müqavimət göstərmədiyini, ölkənin hərbi aerodromlarının məhv edildiyini iddia edir.

Rusiya Ukraynaya qarşı Qara dənizdən və Azov dənizindən də hücuma keçib. Artıq Odessaya Rusiya desantı çıxarılıb. Bu haqda İnterfaks-Ukrayna bildirir.

Ukrayna Müdafiə Nazirliyinin məlumatında isə deyilir ki, Nikolayev vilayətində Rusiyanın raket zərbələri nəticəsində güclü yanğınlar başlayıb. Xarkovda raket-artilleriya mərmiləri anbarı məhv edilib.

Ukrayna DİN rəhbərinin müşaviri Anton Geraşenko isə bildirib ki, Rusiya ölkənin iri şəhərlərinə hücuma keçib, qanadlı raketlərlə və ballistik raketlərlə aramsız zərbələr endirilir. O cümlədən Kiyevdə strateji obyektlər vurulur, Borispol aeroportu ətrafında da partlayış səsləri eşidilir.

Prezident Volodimir Zelenski isə xalqa növbəti müraciətində onları evdən çıxmamağa çağırıb. Mülki əhalinin Lvova doğru qaçdığı haqda xəbərlər də var.

Youtube platformasında yayılan görüntülərdən isə aydın olur ki, gecə saatlarında Rusiya ordusu paytaxt Kiyev istiqamətinə də raketlər yağdırıb. Rusiya lideri hədəfin Donbas və Luqans cəbhəsi olduğunu bəyan etsə də, görüntülər paytaxt Kiyevin də təhlükə altında olduğu qənaətini yaradır.


Rusiya prezidentinin Ukrayna hərbçilərinə silahlarını yerə qoyub, evə dönmələri ilə bağlı müraciət etməsindən sonra başlanan hava zərbələrinin ardınca rus tanklarının da sərhədi keçdiyini əks etdirən kadrlar yayılıb.

Yayılan videokadrlardan görünür ki, Rusiya ordusuna məxsus tanklar sərbəst şəkildə Ukrayna ərazisinə daxil olur və hətta hərbçilərdən birinin “Odessa” dediyi eşidilir.



Hazırlayan:

İlhamə ƏZİZ,

Azmarka.az

Digər xəbərlər