Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

İran "OD İÇİNDƏ" - Etirazlar Xəzər sahillərindən Körfəzədək şəhərlərə YAYILIR

Azmarka.az: İranda Məhsa Əmininin məcburi hicab qaydalarını tətbiq edən əxlaq polisi tərəfindən saxlanılması və daha sonra ölməsi ilə bağlı keçirilən etiraz aksiyaları ölkənin bir çox şəhərlərinə yayılıb. Qadınlar örpəklərini və hicablarını tonqallarda yandırırlar.

Etirazlar Tehra, Məşəd, Rəşt, Kerman, Bəndər Abbas, Qum, Kermanşah, Zəncan, Sari, Rəvsəncan və Qəzvidə keçirilir. Sosial mediada həmçinin Təbrizdə etirazların baş verməsinə dair görüntülər var.

Çevik polis qüvvələri nümayişçilərin qarşısını almağa çalışarkən bir neçə şəhərdə qarşıdurma yaşanıb. Etirazlara görə bəzi mağazalar fəaliyyətini dayandırıb.

Son məlumatlara görə, İranın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları vaxtı ölənlərin sayı 8-ə çatıb, xəsarət alanlar var. Hərçənd ki, bu məlumatlar rəsmən təsdiqlənməyib.

Şirazın qubernatoru Lütfullah Şibaninin sözlərinə görə, dünən bu şəhərdə "təxminən 15 nəfər" həbs edilib.

Əmininin ölümünə etiraz olaraq qadınlar şəhər küçələrində saçlarını kəsib. Bu hərəkat sosial mediada da davam edib.

BMT-nin İnsan Haqları Komitəsi Əmininin ölümü və hüquq mühafizə orqanlarının aksiyanı dağıtma cəhdlərini narahatlıqla qarşıladıqlarını bildirib.

İran "OD İÇİNDƏ" - Etirazlar Xəzər sahillərindən Körfəzədək şəhərlərə YAYILIR


İranın hicab qanunları...
1979-cu ildə İslam İnqilabından sonra İran hakimiyyəti məcburi geyim qaydalarını tətbiq etməyə başladı ki, ictimai yerlərdə qadınlardan hicablı olmağı və bədəni gizlədən geniş geyimləri nəzərdə tutur.

Farsca "Qəşti İrşad" (İrşad patrulları) kimi tanınan əxlaq polisinin səlahiyyətlərinə digər vəzifələrlə yanaşı, hakimiyyətin hesab etdiyi "düzgün" geyimlərə nəzarət də daxildir.

Zabitlər qadınları dayandırıb, onların saçlarının nə qədər açıq olmasını, şalvar və ya paltolarının uzunluğu və ya bədənə yatmasını, habelə makiyajın çox və az olmasını yoxlaya bilərlər. Qaydaları pozmağa görə cərimə, həbs və ya şallaqlanma cəzaları verilə bilər.

2014-cü ildə qadınlar "Mənim gizli azadlığım" adlı onlayn etiraz kampaniyası çərçivəsində hicab qanunlarının pozulduğunu göstərən foto və videoları paylaşmağa başladılar.

O vaxtdan bəri bu, "Ağ çərşənbələr" və "İnqilab küçələrinin qızları" kimi, digər hərəkatlara ilham verib.

Etirazçılar nə deyir?
Hökumətə əks mövqedə dayanan "1500 Tasvir" saytının yaydığı videolara görə, Tehranın mərkəzi küçələrinin birində bir qrup etirazçı ölkənin dini lideri "Əli Xameneyiyə ölüm" şüarları səsləndirərkən, paytaxtın digər bölgələrində hüquq mühafizə orqanları aksiya iştirakçılarına qarşı hücumlar edib.

Digər videoda isə Tehrandakı nümayişlərə qoşulan qadınların hicab məcburiyyətinə qarşı hicablarını çıxardıqları görünür.

İranlı millət vəkili Cəlal Raşidi Koçi əxlaq polisinin ölkəyə ziyan vurmaqdan başqa bir işə yaramadığını bildirib.

Hangaw İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, Sənəndəc şəhərində artıq üç gündür dini rəhbər Xameneyiyə qarşı şüarlar səsləndirirlər.

Əyalətin digər şəhəri Divandərədə isə etirazçılar silah səsləri arasında çevik polis qüvvələrinə daş ataraq qarşıılıq veriblər. Pave, Bane, Mehabad və Rəştdə də aksiyalar keçirilib.

Kirmanşah, İlam və Güney Azərbaycan əyalətlərində də siyasi partiyaların çağırışlarına cavab olaraq bir çox şəhərlərdə mağaza sahibləri fəaliyyətlərini dayandırıb.

Tehran universitetində tələbələrin sentyabrın 18-dən başlatdığı nümayişlər İsfahan Universitetinə və Əmir Qəbir, Alləmə Təbatəbai və Tarbiat Modares daxil paytaxtda yerləşən bir çox universitetlərə də yayılıb.



Şahid Beheşti universitetindəki bir tədbirdə bəzi xanım tələbələr hicab qaydalarına zidd gedərək başlarını açıb, din adamlarının idarəetməsinə son qoyulmasına yönəlik şüarlar səsləndiriblər.

İnternetin fəaliyyətini izləyən NetBlocks Sənəndəcdə internetdə qırılmaların olduğunu, bütün əyalətlərdə isə 3 saat yarım ərzində ümumiyyətlə internetin kəsildiyini müəyyənləşdirib.

Rəsmilərin münasibəti necədir?
Tehran valisi Mohsen Mansouri bazar ertəsi verdiyi açıqlamada Tehrandakı aksiyaları təşkil edənlərin "mütəşəkkil, savadlı və planlı olduqlarını" deyib.

İran parlamentinin sədri Mohammad Baqer Qalibaf isə çərşənbə axşamı səsləndirdiyi bəyanatda düşmənlərin hər zaman olduğu kimi bu hadisədən də istifadə edib, "ölkədə xaos və qarışıqlıq yaratmağı planlaşdırdığını" bildirib. O, Əmini hadisəsinin araşdırılaraq, əxlaq polisinin fəaliyyətində zəruri islahatların aparılacağını qeyd edib.

Hökumətə yaxın olan medialar isə etirazçıları ittiham edib.

Dövlətin rəsmi yayın orqanı İran qəzeti bazar ertəsi günü manşetində etirazçıları "terroristlər" adlandırıb.

Fars Xəbər Agentliyi isə aksiyaları "Məhsa Əmininin xatirəsinə həsr edilən tədbirlər" olaraq təsvir edib. Tasnim xəbər agentliyi və Həmşəhri internet saytı tələbələrin Əmininin ölüm səbəblərinin üzə çıxarılmasını tələb etdiklərini yazıb.


Polis nə deyir?
Tehranın polis rəisi Hüseyn Rəhimi mətbuat konfransında Əmininin ölüm səbəbləri ilə bağlı suallara "ölümü ilə bağlı bütün ittihamlar tamamilə yalandır" deyərək cavab verib.

Rahimi həmçinin Əmininin polis bölməsində "rəhbərlik dərsində" yerə yıxılmasını göstərən və daha əvvəl media ilə paylaşılan görüntülərin daha uzun versiyasını nümayiş etdirib, lakin bu videoda da çatışmazlıqların olduğunu qəbul edib.

Polis də Əmininin ölüm səbəbini ani ürək dayanması kimi izah edib.

Polisin açıqlamasına qarşı çıxanlar isə 22 yaşlı Əmininin saxlanan zaman və ya xəstəxanaya aparılan zaman aldığı zərbə nəticəsində beyninin zədələndiyini iddia edir.

Polis rəisi Rahimi isə "xəstəxanaya aparılan zaman heç bir mübahisə və ya müqavimət olmadığını, hətta maşının içində gülüb zarafat etdiyini və onun həyatını qurtarmaq üçün hər şey etdiklərini" bildirib.

Lakin polisin açıqlaması Əmininin atası Amjad Əminin dedikləri ilə ziddiyyət təşkil edir. Amjad Əmini yerli "Hamminah" qəzetinə verdiyi açıqlamada qeyd edib ki, "xəstəxanaya aparıldığı zaman polislər həkimlərə Mahsanın küçədə tapıldığını deyib".

Polisin üzərində nəzarət kamerasının olub-olmadığı ilə bağlı suala isə Rahimi əxlaq polisinin bu cür kameralarla təchiz edildiyini, ancaq Əmini hadisəsində belə bir kameranın olmadığını deyib və səbəbi açıqlamayıb.

Əmininin ölümündən sonra əxlaq polisinin ləğv edilməsinə tələblər artarkən, Rahimi bu xidmətin fəaliyyətini "ictimai təhlükəsizlik" səbəbi ilə müdafiə edib və polisin narkotiklərə qarşı apardığı əməliyyatları nümunə göstərib.


İlhamə ƏZİZ,

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31