Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Bakıda MAŞIN QİYMƏTİNƏ GEYİMLƏR: 5 min manata paltarı, 2 min manata ayaqqabını kim alır?

Bakıda əksəriyyətin həyatında bir dəfə də baş çəkmədiyi, dünyaca məşhur brend mağazaları var. Müəyyən təbəqənin insanları bu mağazalardan geyimlərini əldə edirlər. Deyilənə görə burada qiymətlər sadə vətəndaşların bir neçə aylıq gəlirlərindən də bahadır. Məsələn 600 manata kəmər, 2-5 min manata ayaqqabı 700 manata şal və s.

Bu geyimlər nəyə görə bu qədər bahadır? Qiyməti münasib olan geyimlərdən fərqi nədir? Buradan kimlər alış- veriş edir?

Deyilənlərin doğru olub-olmadığını bilmək üçün şəhərin xüsusi seçilən brend mağazalarına üz tuturuq.

İlk üz tutduğumuz mağaza "Fendi" olur. İçəri daxil olan kimi xüsusi geyimli satıcılar yaxınlaşır, sizinlə maraqlanırlar. Vitrinlərdə digər mağazalara nisbətən çox az məhsul var. Diqqətimi bir məqam çəkdi. Bir çox geyimlərin qiyməti üzərində yoxdur. Satıcıdan niyə bütün mağazalarda olduğu kimi burada da geyimlərin qiymətinin üzərində olmadığını soruşduğumuzda cavab verdi ki, bizim müştərilərimiz üçün məhsulların qiymətinin fərqi yoxdur:

"Həm də bizdəki kimi dünya səviyyəli brendlərdə məhsulların üzərinə qiymət yazılmır", - deyə bildirir.

Daha sonra bir-bir digər brend mağazalara üz tuturuq. Əvvəlcə onu qeyd edim ki, mağazalarda müştərilər üçün xeyli rahat və xoş atmosfer yaradılıb. İçəri daxil olanda gözəl qoxu və həzin musiqi insanın əhval- ruhiyyəsini yüksəldir. Səliqəli geyimli və gülərüz satıcılar isə sizin nə istədiyinizlə maraqlanırlar. Onu da qeyd edim ki, satıcıların dil biliyi çoxdur: müştərilərlə həm doğma dilimizdə, həm rus, həm də ingilis dillərində danışırlar. Bu mağazalarda sadə, gündəlik geyimlər və aksessuarlar satılır. Lakin hər mağazada bir-iki alıcı ola, ya olmaya. Amma bu, satıcıları narahat etmir: az olsa da, səxavətli, modanı təqib edən alıcılar onları daha çox məmnun edir. Mağazada bütün məhsullardan 3-4 ədəd mövcuddur. Geyimlərin keyfiyyətinə gəldikdə isə, hər şey yüksək səviyyədədir. Bütün geyimlər kətan və pambıqdan ibarətdir.

Satıcıyla söhbətimiz davam edərkən mağazaya bir xanım daxil olur. Sadə, amma bir o qədərdə şıq geyimli, zinət əşyaları ilə bəzənmiş xanım əlini uzadıb vitrindəki ayaqqabıların ölçülərini istəyir. Mağazaya daxil olanda həmin ayaqqabıların qiymətini soruşmuşdum. 2 -3 min manat arası idi. Üç ayaqqabını bəyənən xanım elə üçünü də alır. Heç qiymətinə baxmadan. Bu zaman satıcının az öncə səsləndirdiyi "Bizim müştərilərimiz üçün məhsulların qiymətinin fərqi yoxdur" cümləsini xatırlayıram: doğrudan da buranın alıcıları üçün qiymətin fərqi yoxdur.

Sonda... Bakının bu kimi geyim mağazalarında bir ayrı Azərbaycan var. Bura gələnlər orta aylıq əməkhaqqı ilə dolanmır, satıcılarla qiymət sövdələşməsi etmir, bəzən bir neçə aylıq maaşa bərabər olan ayaqqabı və çanta üçün gözünü qırpmadan deyilən məbləği ödəyir. Onların bir prinsipi var: brend geyinmək, fərqli görünmək, heç kəsdə olmayan çantaya, ayaqqabıya, paltara sahib olmaq. Və ən əsası: başqalarında qibtə yaratmaq. Nail ola bilirlərmi? Bu da ayrı bir reportajın mövzusudur. /"Yeni Müsavat"


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930