Baş Prokurorluq: 1988-94-cü illərdə Ermənistanın törətdiyi terrorlarda 1105 nəfər həlak olub

Azmarka.az: 1988-94-cü illərdə azərbaycanlı mülki əhali hədəf alınmaqla Ermənistan tərəfindən törədilən 38 terror hücumu zamanı 10 sərnişin avtobusu, 11 minik avtomobili, 1 minik avtomobili karvanı, 2 yük avtomobili, 6 sərnişin qatarı, 2 metro qatarı, 2 helikopterdə, 1 təyyarə və 1 dəniz bərəsində törədilən partlayışlarda 1105 nəfər həlak olub, 1180-dən çox adam yaralanıb.

Bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov "Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bugünədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair" Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.

O qeyd edib ki, həmin terror hücumlarından biri zamanı 20.11.1991-ci il tarixdə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycan Respublikasına məxsus Mİ-8 markalı hərbi helikopterin vurulması nəticədə Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olmaqla ümumilikdə 22 nəfər qətlə yetirilib:

“Hətta 18 mart 1994-cü il tarixdə Xankəndi şəhəri yaxınlığında Azərbaycana məxsus olduğunu güman edildiyi üçün İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarənin vurulması ilə 34 diplomat və ailə üzvləri həlak olub”.