"Coca-Cola" şirkəti Azərbaycandakı rəhbərini dəyişdi – bu posta qadın gətirildi
Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan "Coca-Cola" şirkətinə məxsus məhsulların Azərbaycanda istehsalını, distribütorluğunu və satışını həyata keçirən "Azərbaycan Coca-Cola Bottlers" MMC-nin yeni Baş Direktoru təyin edilib. Azmarka.az-ın məlumatına görə, adıçəkilən MMC-yə Rəna Məmmədova təyin edilib.
Rəna Məmmədova sentyabr ayının 1-dən yeni vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, "Azərbaycan Coca-Cola Bottlers" MMC Türkiyənin Anadolu Qrupuna daxil olan və Yaxın Şərq, Qafqaz və Orta Asiya regionunun 10 ölkəsində Coca-Cola şirkətinin məhsullarını istehsal və satışını həyata keçirən Coca-Cola İçecek (CCİ) şirkətinin bir hissəsidir. “Coca-Cola İçecek” şirkətinin Azərbaycanda əvvəlki rəhbəri Hasan Ellialtı isə “Coca-Cola İçecek” Türkiyə ofisinin Baş Direktoru təyin edilib.
Yeni Baş Direktorun ölkənin qida sənayesində 30 illik təcrübəyə malik olduğu bildirilir. R.Məmmədova 1996-cı ildən “Coca-Cola İçecek” şirkətində Keyfiyyətə Nəzarət Meneceri vəzifəsində işə başlayıb və sonradan müxtəlif rəhbər vəzifələrə təyin olunub. 2018-ci ildən "Coca-Cola"-nın Azərbaycan və Türkmənistan üzrə Təchizat Sistemləri Direktoru vəzifəsinə gətirilib.
R.Məmmədova Bakı Dövlət Universitində mikrobiologiya ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Biologiya üzrə fəlsəfə doktorudur.
Azmarka.az