Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Kür çayında suyun səviyyəsi qalxıb

Son günlər Kür çayında suyun səviyyəsi qalxıb. Buna səbəb bir neçə gündür fasiləsiz yağan yağıntılardır. Kür çayında suyun səviyyəsində olan artım martın ikinci on günlüyündən etibarən müşahidə edilir. Bununla yanaşı, çayın axını da xeyli sürətlənib. Bir müddət əvvəl su azlığı zamanı əmələ gələn kiçik adalar da yoxa çıxıb.

Kür çayında müşahidə olunan suyun artması ilə bağlı danışan Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib: “Martın ikinci on günlüyündən etibarən yağan yağıntılarla əlaqədar çaylarda o, cümlədən Kür çayında sululuq artıb. Kür çayının aşağı axınında suyun səviyyəsi martın əvvəlində müşahidə olunan minimal səviyyələrdən xeyli yüksək olaraq Yevlax məntəqəsində 22 sm, Zərdabda 82 sm, Surrada 123 sm, Şirvanda 108 sm, Salyanda 112 sm, Bankədə 37 sm, Kür çayına tökülən Araz çayının Novruzlu məntəqəsində 63 sm çox olub. Martın əvvəlində Kür çayının Surra məntəqəsində sululuq 22 metrkub/saniyə təşkil edirdisə, yağan yağıntılarla əlaqədar sululuq artaraq hazırda 114 metrkub/saniyə təşkil edir. Nəticədə çayda duzluluq azalaraq norma daxilində olub. Aparılan monitorinqlərin nəticələrinə əsasən Kürün aşağı hissələrində duzluluq azalaraq normada olduğu müşahidə edilir. Bundan başqa, qarşıdan yaz-yay gursululuq dövrü gəlir, həmin dövrdə havanın temperaturunun yüksəlməsi nəticəsində dağlarda qarın tədricən əriməsi və yağan yağışlarla əlaqədar çaylarda, o cümlədən Kürə tökülən çaylarda sululuğun artımı gözlənilir. Artıq dağlıq ərazilərdə qarölçmə işləri başa çatıb, hazırda hesablamalar və təhlillər aparılır. Martın sonunda yaz-yay gursululuq dövrü üzrə proqnozlar tərtib olunaraq müvafiq qurumlara təqdim olunacaq”.

Kür çayında müşahidə olunan su səviyyəsinin artması çayı boyunca yerləşən kəndlərin sakinlərini sevindirir. Kənd sakini Tərxan Poladov deyib ki, mövcud vəziyyət həm içməli, həm də əkin sahələrinin suvarılması üçün işlərə müsbət təsir edir. “Son vaxtlar Kürün xeyli aşağı düşməsi sakinləri narahat edirdi, çünki heç vaxt çay belə səviyyədə olmazdı. Əvvəlki illərdə Kürün düşməsi baş versə də, sonuncu mənzərələr görünməyən bir hal idi. Hətta çay o səviyyədə enmişdi ki, adalar yaranmışdı. Lakin indi su öz səviyyəsini alıb və bu sevindirici haldır”, - deyə kənd sakini bildirib.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Vidadi Babayev bildirib ki, Kürdə suyun səviyyəsinin qalxması çay ətrafında yerləşən su nasos stansiyalarının da fəaliyyətinə müsbət təsir edib və aqreqatların su götürmə qabiliyyəti yaxşılaşıb. “Fəaliyyəti dayandırılan aqreqatların da iş prinsipi bərpa edilib. Hazırda 88 nasos stansiya var ki, bunların 80-i Kürdən qidalanan və çaydan suyu mexaniki üsulla götürən nasos stansiyalardır. Kürdə suyun səviyyəsi qalxdığı üçün nasos stansiyalar normal vəziyyətdə işləyir və normal qaydada su götürür”,- deyə ASC-nin nümayəndəsi söyləyib.

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031